Yuxarı
    Bağlamaq

    Azərbaycanda dializ olunan 600-ə yaxın xəstədə Hepatit virusu aşkar edilib

    Respublikada 561 böyrək köçürülən xəstə dispanser qeydiyyatdadır

    Bakı. 12 mart. REPORT.AZ/ "Azərbaycanda bu günə qədər müalicə olunan 2 635 dializ xəstəsinin 356 nəfərində Hepatit C, 152 nəfərində Hepatit B, 49 nəfərində isə mix-infeksiya (HBV+HCV) aşkar olunub". "Report" xəbər verir ki, bunu M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev ATU-nun Tədris Terapevtik Klinikasında keçirilən X Ümumdünya Böyrək Gününə həsr olunan elmi-praktik konfransda çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, hemodializ müalicəsi qəbul edən xəstələr müxtəlif instrumental, invaziv müdaxilələrə məruz qaldığından, onlar daha tez hepatit virusuna yoluxurlar: "Ümumdünya Səhiyyə İnstitutlarının məlumatlarına görə, aseptik və antiseptik tədbirlərə hər bir tibbi ləvazimatın birdəfəlik istifadə üçün nəzərdə tutulmasına baxmayaraq, Hepatit virusu ilə yoluxma halları 28-36% təşkil edir. Hazırda hepatitli xəstələrin müalicəsinin Səhiyyə Nazirliyi tərəfindən dövlət vəsaiti hesabına aparılması tədbirlərinə uyğun olaraq bütün xəstələrin və tibb işçilərinin Hepatit B virusuna qarşı vaksinasiyası aparılır. Hepatit C daşıyan xəstələr isə ixtisaslı həkimlər tərəfindən müalicəyə cəlb olunur".

    2010-cu ildən başalayaraq Azərbaycan böyrək köçürmə əməliyyatlarının yenidən bərpa olunduğunu deyən şöbə müdiri əlavə edib ki, bu günə qədər canlı donordan 197 böyrək transplantasiyası əməliyyatı aparılıb: "2014-cü ildə isə 68 belə əməliyyat həyata keçirilib. Bu gün respublikada 561 böyrək köçürülən xəstə dispanser qeydiyyatdadır".

    Çıxış edən ATU-nun Tədris Terapevtik Klinikasının direktoru Surxay Musayev bildirib ki, Azərbaycanda böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin sayı hər il artır: "Belə ki, hər il dializ xəstələrinin sayında orta hesabla 20-25 faiz artım qeydə alınır. Bunu nəzərə alan Azərbaycan hökuməti tərəfindən ölkədə belə xəstələrin müalicəsi üçün dializ mərkəzləri yaradılır. Çünki bu xəstəlikdən əziyyət çəkən xəstələrin öz hesablarına uzun müddət dializ qəbul etməsi çətin məsələdir. Bu səbəbdən Azərbaycan Tibb Universitetində də bu məsələyə ciddi diqqət yetirilir”.

    Qeyd edək ki, elmi-praktiki konfrans mövzu ətrafında fikir mübadiləsi ilə davam edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi