Bu gündən Azərbaycanda dərman vasitələri yeni qiymətlərlə satışa çıxarılacaq

Bu gündən Azərbaycanda dərman vasitələri yeni qiymətlərlə satışa çıxarılacaq Ölkədə dövlət qeydiyyatına alınan dərman vasitələrinin sayı 4 500-dən artıqdır
Sağlamlıq
15 Sentyabr , 2015 08:00
Bu gündən Azərbaycanda dərman vasitələri yeni qiymətlərlə satışa çıxarılacaq

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu gündən etibarən Azərbaycanda dərman vasitələri Tarif Şurası tərəfindən təsdiq olunan yeni qiymətdə satışa çıxarılacaq. Səhiyyə Nazirliyindən "Report"a verilən xəbərə görə, hazırda ölkədə dövlət qeydiyyatına alınan dərman vasitələrinin sayı 4 500-dən artıqdır. 

Bu dərman vasitələrinin qiymətləri mərhələli şəkildə Tarif (qiymət) şurası tərəfindən təsdiqləndikcə eyni preparatlar bütün ölkə ərazisində təsdiqlənmiş vahid qiymətlə satılacaq. İlkin olaraq 256 adda dərman vasitəsinin qiymətləri Tarif (qiymət) şurası tərəfindən təsdiqlənib, avqustun 25-də keçirilən iclasda isə daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilib. Beləliklə, elan olunan 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiymətləri tənzimlənib.

Hazırda satışda olan dərman vasitələrinin qiymətləri ilə müqayisədə 46 faiz dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 24 faiz dərman vasitəsinin qiyməti 3 dəfədən çox ucuzlaşdırılıb. Bütövlükdə isə həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94 faizi üzrə qiymətlər aşağı salınıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 18 mart 2015-ci il tarixli fərmanı ilə Nazirlər Kabinetinə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasının, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasına isə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin təmin edilməsi tapşırılıb. Fərmanın icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 3 iyun 2015-ci il tarixli qərarla "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası" təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi