Azərbaycanda bəzi infeksiyalarla xəstələnənlərin sayı artıb

Azərbaycanda bəzi infeksiyalarla xəstələnənlərin sayı artıb Hepatit B virusu və ağciyər vərəmi ilə xəstələnmə halları azalıb
Sağlamlıq
24 Yanvar , 2017 10:12
Azərbaycanda bəzi infeksiyalarla xəstələnənlərin sayı artıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Hazırda Azərbaycanda 32,6 min həkim və 55,0 min orta tibb işçisinin çalışdığı 559 xəstəxana və 1751 ambulatoriya-poliklinika müəssisəsi fəaliyyət göstərir.

“Report”un xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda bildirilir.

Hesabata görə, əhalinin hər 10 min nəfərinə orta hesabla 34 həkim və 57 orta tibb işçisi düşür.

Sənəddə qeyd olunub ki, ötən il qeydə alınan xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, həzm orqanlarının, qan dövranı sisteminin xəstəlikləri, eləcə də yoluxucu və parazitar xəstəliklər üstünlük təşkil edib.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən ilin yanvar-noyabr aylarında 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə pedikulyoz ilə (38,5 faiz), İİV ilə (24,9 faiz), qonokokk infeksiyası ilə (14,2 faiz), hepatit B virusu ilə (12,4 faiz), skarlatina ilə (9,4 faiz) və ağciyər vərəmi ilə (4,2 faiz) xəstələnmə halları azalıb.

Müqayisə olunan dövrdə əhalinin 100 min nəfərinə düşən xəstələnmə hallarının sayı pedikulyoz üzrə 39,2 faiz, İİV üzrə 25,7 faiz, qonokokk infeksiyası üzrə 15,1 faiz, hepatit B virusu üzrə 13,4 faiz, skarlatina üzrə 10,4 faiz, ağ ciyər vərəmi üzrə isə 5,3 faiz azalıb. Kəskin poliomielit, epidemik parotit, tulyaremiya, məxmərək, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus, qızılca, göyöskürək və malyariya xəstəlikləri qeydə alınmayıb.

Bununla yanaşı sifilis, tetanus, su çiçəyi, bruselyoz, qarayara, ümumi kəskin bağırsaq infeksiyaları ilə xəstələnənlərin sayı bir qədər artıb.

Son xəbərlər

Orphus sistemi