Yuxarı
    Bağlamaq

    Azərbaycanda "Bakı Ürək Günləri" 4-cü Beynəlxalq Konqresi keçiriləcək

    Tədbirə Azərbaycan da daxil olmaqla 15-ə yaxın ölkədən 450-dən çox iştirakçı qatılacaq

    Bakı. 14 may. REPORT.AZ/ Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) mayın 15-dən 17-dək "Bakı Ürək Günləri" 4-cü Beynəlxalq Konqresini təşkil edəcək. Bu barədə "Report"a AÜDCC-nin sədri Kamran Musayev məlumat verib.

    Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan konqresə Azərbaycan da daxil olmaqla 15-ə yaxın ölkədən 450-dən çox iştirakçı qatılacaq. K.Musayev bildirib ki, konqresin ilk günündə heyvan ürəkləri üzərində koronar anastomoz kursu keçiriləcək: "Proqramda, həmçinin kardiologiya və ürək-damar cərrahiyyəsindəki ən mübahisəli problemlərə toxunulacaq. Həm yerli, həm də əcnəbi mütəxəssislər ənənəvi olaraq məqalə və tezislərini elektron formada bizə göndərəcəklər. Bu məqalə və tezislər konqresin xüsusi buraxılışında çap olunacaq və bütün iştirakçılara paylanacaq. Mübahisəli xəstələr üzərində dünyanın tanınmış mütəxəssisləri ilə birgə aparılacaq əməliyyatların konqres salonunda canlı yayımı konqresin elmi-praktik əhəmiyyətini daha da yüksəldəcək. Konqres günlərində təşkil ediləcək "Maketlər üzərində femoro - popliteal bypass (bud - dizaltı şuntlama)" və "Dana ürəyi üzərində koronar anastomoz" kurslarının xüsusilə gənc həmkarlarımıza çox faydalı olacağına inanıram".

    K.Musayev qeyd edib ki, konqres azərbaycanlı həkimlərə dünyanın ən qabaqcıl mütəxəssisləri ilə kardiologiya elmindəki son nailiyyətləri müzakirə etmək imkanı verəcək: "Təşkil ediləcək sosial proqram ilə, xüsusilə, əcnəbi qonaqlar Azərbaycanın zəngin tarixi və mədəni irsi ilə tanış olmaq imkanı əldə edəcəklər".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi