Yuxarı

Azərbaycanda 40 klinik bazada rezidentlərin hazırlığı həyata keçirilir

İndiyədək 275 nəfər rezidenturanı müvəffəqiyyətlə bitirərək həkim-mütəxəssis ali peşə-ixtisas dərəcəsi alıb

Bakı. 18 may. REPORT.AZ/ Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirilməsi İnstitutunda “Rezidentura təhsili, problemlər, nailiyyətlər və inkişaf prioritetləri” mövzusunda "dəyirmi masa" keçirilib.

"Report"un xəbərinə görə, İnstitutun direktoru Nazim Qasımov çıxışında bildirib ki, tibbdə rezidentura təhsil pilləsi respublikada 2011-ci ildən fəaliyyət göstərir.

Son 5 il ərzində İnstitutda 212 nəfərin rezident təhsili aldığını xatırladan N.Qasımov qeyd edib ki, onların 172 nəfəri hazırda təhsilini davam etdirir: "Son 3 ildə 40 həkim-rezident təhsilini başa vurub və həkim adını qazanıb".

Tədbirdə vurğulanıb ki, 2011-ci ildən etibarən 2 419 nəfər rezidenturaya qəbul olunub. Hazırda 1 874 rezident rezidentura səviyyəsində təhsil alır. 2013/2014-cü tədris ilindən başlayaraq müxtəlif ixtisaslar üzrə rezidentura təhsili alan 150-yə yaxın rezident Səhiyyə Nazirliyinin göndərişi ilə rezidentura hazırlığının bir aydan üç ayadək hissəsini Türkiyə və Almaniyanın qabaqcıl klinikalarında keçib.

Rezidenturanı bitirən həkim-mütəxəssislərin ilk buraxılışı ikiillik təhsil müddətli ixtisaslar üzrə 2013-cü ildə olub. Ümumiyyətlə, bu günədək 27 ixtisas üzrə 275 nəfər rezidenturanı müvəffəqiyyətlə bitirərək “həkim-mütəxəssis” ali peşə-ixtisas dərəcəsi alıb.

Hazırda 40 klinik bazada rezidentlərin hazırlığı həyata keçirilir.

Sonra çıxış edən digər mütəxəssislər respublikada rezidentura təhsilinə dair qeyd olunan məsələlərin müxtəlif aspektlərini müzakirə ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi