Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən (ÜST) həyata keçirilən “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” layihəsi çərçivəsində COVID-19 pandemiyası ilə effektiv və təhlükəsiz mübarizədə kömək məqsədilə Azərbaycana gətirilən respirator maska, qoruyucu eynək, şəffaf maska və qoruyucu kombinezonlar bu gündən pandemiya ilə mübarizəyə ayrılmış tibb müəssisələrinə paylanılacaq.
"Report" xəbər verir ki, ölkəyə gətirilən 168 min ədəd fərdi qoruyucu vasitənin 10 mini şəffaf maska, 10 mini qoruyucu eynək, 8 mini qoruyucu kombinezon və 140 mini respirator maskadır.
Bu virusla ön cəbhədə mübarizə aparan tibb işçilərinin təhlükəsizliyi üçün göndərilən bütün avadanlıqların keyfiyyət və təhlükəsizlik standartlarına cavab verməsi yoxlanışdan keçirilib.