Yuxarı

Azərbaycan dünya səhiyyə reytinqində region ölkələri arasında liderdir

Azərbaycan reytinqdə Rusiya, Türkiyə, Gürcüstan və Ermənistanı üstələyib

Bakı. 23 sentyabr. REPORT.AZ/ Nüfuzlu "Lancet" jurnalı tərəfindən davamlı inkişafın tibbi göstəriciləri üzrə tərtib edilən dünya reytinqində Azərbaycan 75-ci yeri tutub.

"Report" xəbər verir ki, tibb, həyat və sağlamlıqla bağlı olan davamlı inkişaf göstəriciləri üzrə ölkələrin reytinqi 0-100 bal arası şkala ilə qiymətləndirilən 33 göstərici üzrə ümumi hesablama əsasında tərtib edilib.

Azərbaycan reytinqdə orta hesabla mümkün 100 baldan 63 bal toplayaraq 75-ci yerdə qərarlaşıb. Bu göstərici ilə Azərbaycan regionun digər ölkələrini üstələyib. Belə ki, reytinqdə Ermənistan 86-cı, Türkiyə 103-cü, İran 104-cü, Gürcüstan 106-cı, Rusiya isə 119-cu sırada qərarlaşıb.

Reytinq tərtib edilərkən uşaq və körpə ölümü, yol qəzalarında ölüm, uşaqlarda artıq çəki, alkoqollu içki və tütün məmulatlarından istifadə, HİV, vərəm və hepatit B xəstəliyinə yoluxma, intiharların sayı və s. amillər nəzərə alınıb. Hər bir meyar üzrə qiymətləndirmə 1990-2015-ci illər aralığında olan vəziyyətin təhlili əsasında həyata keçirilib.

Reytinq siyahısına İslandiya başçılıq edir. İlk beşliyə Sinqapur, İsveç, Andorra və Böyük Britaniya daxil olub. Sonuncu, 188-ci yeri isə Mərkəzi Afrika Respublikası tutub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi