Yuxarı

​Autizmə necə qalib gəlmək olar?

Autizmin əsas əlamətləri nitqin uşağın yaşına uyğun olmaması, ünsiyyət sahəsində problemlərin yaşanması, məhdud maraq, təkrarlanan davranışlardır

Bakı. 22 aprel. REPORT.AZ/ "Autizm sindromu olan uşağa psixoloq və loqoped diaqnoz qoya bilməz. Ona görə də sindromla bağlı uşaq psixiatrına və psixonevroloqa müraciət olunmalıdır". Bunu "Report"a açıqlamasında psixoloq Narınc Rüstəmova deyib.

O bildirib ki, Azərbaycanda autizmli uşaqların dəqiq sayı məlum deyil: "Bunun əsas səbəbi valideynlərin övladlarını həkim qeydiyyatına salmamalarıdır, çünki onlar uşaqlarının əlillik dərəcəsi almağından qorxaraq bunu özlərinə kompleks edirlər. Hətta bəzi valideynlər bundan utanır".

N.Rüstəmova qeyd edib ki, qeyri-rəsmi statiskaya əsasən, hər 1000 uşaqdan 100-də autizm sindromu özünü büruzə verir: "Hazırda ölkədə sindromlu uşaqların sayında artım nəzərə çarpır. Buna görə də erkən diaqnoz nə qədər tez qoyulsa, müsbət nəticə əldə etmək bir o qədər asan olar. Belə uşaqlar göz təmasından qaçır, reaksiya vermir, gülümsəmir, davamlı bir nöqtəyə baxır, hər şeyin eyni olmasını istəyir, dəyişikliklərə həddindən artıq mənfi reaksiya verir, tək qalmağı sevir, təmasdan və qucağa alınmaqdan xoşları gəlmir. Həmin uşaqlara ətraf mühit maraqsız olur. Halbuki normal uşaqlarda belə hallar olmur. Övladında bu cür halları müşahidə edən valideyn mütləq həkimə müraciət etməlidir".

Psixoloq deyib ki, autizmin əsas əlamətləri isə nitqin uşağın yaşına uyğun olmaması, ünsiyyət sahəsində problemlərin yaşanması, məhdud maraq, təkrarlanan davranışların olmasıdır: "Autizm olan uşaqlar psixoterapevt, psixonevroloq dəstəyi almalıdır. Ehtiyac olarsa, belə uşaqlara əsəb sakitləşdirici və vitaminlər verilməlidir. Amma dərmanla müdaxilə müalicə prosesinin çox az hissəsini təşkil edə bilər. Onlara əsasən reabilitasiya məsləhət görülür, yəni psixoloq, defektoloq, loqoped, pedaqoq, psixopedaqoq dəstəyi görməlidirlər. İki yaşından etibarən uşaqların realibitasiyası başlanmalıdır". 

Onun sözlərinə görə, autizm əsasən sosial bacarıqlara yiyələnmədə, nitq və zehni inkişafda ləngimə və çətinliklər yaradır: "Hələlik autizmin çarəsi tapılmayıb. Bu səbəbdən sindromun konkret dərmanı yoxdur. Hətta bu sindromun çarəsini tapan şəxsə Nobel mükafatı vəd edilib".

Psixoloq autizmin təsnifatından da danışıb: "Autizm əvvəllər ruhi xəstəlik sayılırdı. İndi isə inkişaf problemləri təsnifatına aid edilib. İnsanlar qorxurdu ki, autizm şizofreniyaya keçə bilər, belə diaqnoz qoyulmuş şəxslər başqalarına və özünə xətər yetirə, hətta öldürə bilər. Uşaqlara dərman müdaxiləsi olmadığı, təlimə uyğunlaşmadığı və realibitasiya görmədiyi təqdirdə belə təhlükələr baş verə bilər. Bu sindrom cinsi inkişafa və ömrün uzunluğuna heç bir təsir etmir. Autizm sindromu olan şəxsin psixologiyasında, nevroloji durumunda ciddi problemlər olmur. Bu səbəbdən də sindromun çarəsi tapılmır, çünki heç bir göstəricisi yoxdur".

Autizm sindromlu övladı olan "Birgə və Sağlam" İctimai Birliyinin sədri Aytən Eynalova övladları autizmli olan valideynlərə səbrli olmağı, belə uşaqlara  digərlərindən daha çox qayğı və diqqət göstərməyi məsləhət görür: "Övladımın 12 yaşı var. Autizm əlamətlərini onda kiçik yaşlarında hiss etdim. 10 il bundan əvvəl Azərbaycanda bu sindromun müalicəsi çətin idi, bu sahə inkişaf etməmişdi. Təxminən 2000-ci ildən sonra Azərbaycanda uşaqlara autizm sindromu diaqnozu qoyulmağa başlanıb. Övladımda autizm əlamətləri hiss edən kimi həkimlərə müraciət etdim, burada müalicəsi mümkün olmayacağı üçün Türkiyəyə aparmalı oldum, bir müddət orada yaşadıq. Orada müalicə və reabilitasiya keçdi. Tam müalicə etmək mümkün olmasa da, sosial həyata adaptasiya etmək mümkün oldu. Övladımın sosiallaşmasına nail oldum. O, normal danışmasa da, ehtiyac ve istəklərini ifadə edir, özünü sərbəst idarə edə bilir, tərbiyəçinin müşayiəti ilə normal məktəbə gedir, oxuyur. Təəssüf ki, səbəbləri müəyyən olunmadığı üçün tam müalicə etmək mümkün deyil".

Onun fikrincə, Azərbaycan cəmiyyətinin autizm haqqında yetərli məlumatı yoxdur: "İnsanlar əsasən övladlarında bu problem aşkarlanandan sonra məlumatlanırlar. Bəziləri illərlə uşağın probleminin nə olduğunu anlamır, həkimə müraciət etmirlər. Ətraf bu problem haqqında məlumatlı olmadığından uşaq özünü normal aparmayanda ona müəyyən təzyiqlər olur, bu zaman həm valideyn, həm də uşaq evə qapanır. Valideyn uşağın hərəkətlərindən utandığından onu evdən bayıra çıxarmır. Buradan onlara səslənirəm ki, övladlarına görə utanmalı deyillər".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi