Yuxarı
    Bağlamaq

    Amerikalı onkoloqlar Milli Onkologiya Mərkəzində müalicə-profilaktika prosesində iştirak edəcək

    Azərbaycanlı mütəxəssislər isə MD Anderson Mərkəzində təcrübə keçməyə göndəriləcək

    Bakı. 16 noyabr. REPORT.AZ/ Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın MD Anderson Xərçəng Mərkəzi arasında müqavilə imzalanıb. Bu barədə "Report"a mərkəzdən məlumat verilib.

    Müqaviləni Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev və MD Anderson Xərçəng Mərkəzinin vitse-prezidenti Oliver Boqler imzalayıblar.

    Milli Onkologiya Mərkəzi ilə MD Anderson Xərçəng Mərkəzi arasında imzalanan müqaviləyə görə, azərbaycanlı mütəxəssislər MD Anderson Mərkəzində təcrübə keçməyə göndəriləcək, amerikalı onkoloqlar isə Milli Onkologiya Mərkəzində müalicə-profilaktika proseslərində iştirak edəcəklər.

    Müqavilə Milli Onkologiya Mərkəzinə həmin hədəflər üzrə MD Anderson Xərçəng Mərkəzi ilə birgə fəaliyyət göstərməyə və onkologiya sahəsində mühüm nəticələr əldə etməyə imkan verəcək.

    Milli Onkologiya Mərkəzinin yeni tərəfdaşı - Hyuston şəhərində yerləşən Texas Universitetinin MD Anderson Xərçəng Mərkəzi ABŞ-ın üç ən böyük onkologiya mərkəzindən biridir. Bu elmi müəssisə, həm də xərçəng xəstəliklərinin müalicəsi və tədqiqi üzrə çox böyük mərkəzdir. Mərkəz ABŞ-ın iki iri elmi-tədqiqat yönümlü ali tibb məktəbi ilə birləşmiş bir neçə xəstəxana kompleksindən biridir.

    2014-cü ildə MD Anderson Xərçəng Mərkəzi "U.S. News & World Report" jurnalında dərc olunan "Ən yaxşı xəstəxana" araşdırmasında onkoloji xəstəliklərin müalicəsi üzrə lider olub. MD Anderson Mərkəzi təkcə ABŞ-ın deyil, dünyanın ən yaxşı onkoloji xəstəxanalarından biri hesab edilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi