Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
"Report" xəbər verir ki, nümayəndə heyəti Azərbaycanda bir sıra görüşlər keçirəcək. Görüşdə COVID-19 virusuna qarşı mübarizə məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, Azərbaycan ÜST-nin qlobal miqyasda COVID-19 virusuna qarşı mübarizə səylərini yüksək qiymətləndirir. ÜST-nin COVID-19 virusu ilə bağlı tövsiyələri Azərbaycan tərəfindən nəzərə alınır və tətbiq olunur. Azərbaycanın ÜST ilə səmərəli əməkdaşlığı davam edir.
Martın 6-da Azərbaycan hökuməti dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə ÜST-nin “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” adlı Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul edib.