TƏBİB: “Avromed” yanlışlıq edib

TƏBİB: “Avromed” yanlışlıq edib Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) sosial şəbəkələrdə TƏBİB-ə məxsus olduğu iddia edilən koronavirus xəstələri üçün nəzərdə tutulmuş dərman paketlərinin apteklərdə satılması barədə paylaşılan fotolara münasibət bildirib.
Sağlamlıq
21 Dekabr , 2020 15:02
TƏBİB: “Avromed” yanlışlıq edib

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) sosial şəbəkələrdə TƏBİB-ə məxsus olduğu iddia edilən koronavirus xəstələri üçün nəzərdə tutulmuş dərman paketlərinin apteklərdə satılması barədə paylaşılan fotolara münasibət bildirib.

Qurumdan "Report"a bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.

"Məlum olduğu kimi, sosial şəbəkələrdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) məxsus olduğu iddia edilən koronavirus xəstələri üçün nəzərdə tutulmuş dərman paketlərinin apteklərdə satılması barədə fotolar paylaşılır.
Bununla bağlı 18.12.2020-ci ildə TƏBİB tərəfindən açıqlama verildi. İlkin olaraq bildirdik ki, sözügedən paketlər TƏBİB-ə aid deyil. İki gündür davam edən araşdırmalarımız nəticəsində isə məlum oldu ki, bəzi apteklərdə satışa çıxarılan həmin dərman paketləri “Avromed Company” MMC-nin şəxsi təşəbbüsü ilə hazırlanıb. Lakin paketlərin hazırlanması zamanı anbar əməkdaşları tərəfindən yanlışlığa yol verilib. Şirkət əməkdaşı paketləmə zamanı yanlışlıqla dərman paketinin içərisinə “Avromed Company” MMC-nin deyil, anbarda nümunə üçün hazırlanmış TƏBİB-ə məxsus fleyerləri yerləşdirib. Problem ortaya çıxan kimi həmin dərman paketləri apteklərdən geri çağırılıb.

Bir daha nəzərinizə çatdırırıq ki, TƏBİB ölkə üzrə tabeliyində olan bütün xəstəxanalarda stasionar müalicəylə məşğul olur və Bakı şəhəri istisna olmaqla, Sumqayıt, Abşeron və digər ərazilərdə evdə müalicə olunan şəxsləri dərmanla təchiz edir. Eyni zamanda Bakı şəhəri istisna olmaqla, sözügedən ərazilərdə poliklinikalar və Təcili Tibbi Yardım xidməti TƏBİB-in nəzarətindədir. Həmin paketlərin verilməsindən imtina edildiyi təqdirdə, xahiş edirik ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 24 saat fəaliyyət göstərən 1542 nömrəli qaynar xəttinə və ya Təbib-in +99451513-1542 nömrəsinə məlumat verəsiniz", - TƏBİB-dən bildirilib.

Son xəbərlər

Orphus sistemi