"Uşaqların koronavirus infeksiyasına yoluxması mümkündür. Bu, adi qrip simptopları kimi özünü göstərir".
Bunu "Report"a açıqlamasında tanınmış pediatr Əli Quliyev deyib.
O vurğulayıb ki, müayinə aparılmadan həmin simptomlara koronavirus əlamətləri demək düzgün deyil:
"Çünki, bu, adi qrip də ola bilər. Uşaqlar arasında koronavirus infeksiyasından ölüm halları dünyanın heç bir yerində müşahidə olunmayıb. Yəni 10 yaşından aşağı insanlar arasında bu infeksiyadan ölüm hadisəsi qeydə alınmayıb. Amma təbii ki, bütün virusların uşaqlara yoluxma ehtimalı var".
Pediatr bildirib ki, koronavirus əsasən, yaşlı insanlarda müşahidə olunur və daha çox şəkər, təzyiq, ürək və digər xəstəliklərdən əziyyət çəkən adamlara yoluxur.
Ə.Quliyev valideynlərə müraciət edərək uşaqları koronavirusdan qorumağın qaydalarını açıqlayıb:
"Uşaqlarda əsasən, təngnəfəslik, öskürək və qızdırma müşahidə olunarsa mütləq həkimə müraciət etmək lazımdır. Bu viruslardan qorunmanın tək yolu təması əngəlləməkdən ibarətdir. Yəni xəstə insanlarla təmasda olmamaq lazımdır. Valideynlərə demək istəyirəm ki, uşaqlarla birlikdə çoxlu insanlar olan yerlərə, kütləvi tədbirlərə getməsinlər. Əl və üzü, ağız və burunu yumadan uşaqlara toxunmasınlar".