Səhiyyə Nazirliyi: Dərmanlar pulsuz verilir

Səhiyyə Nazirliyi: Dərmanlar pulsuz verilir Səhiyyə Nazirliyinin nəzdində yaradılmış işçi qrupunun üzvü İnara Makayeva onlayn müsahibə verib.
Sağlamlıq
17 Avqust , 2020 17:05
Səhiyyə Nazirliyi: Dərmanlar pulsuz verilir

Səhiyyə Nazirliyinin nəzdində yaradılmış işçi qrupunun üzvü İnara Makayeva onlayn müsahibə verib.

Nazirliyin mətbuat xidmətindən "Report"a bildirilib ki, İnara Makayeva evdə müalicə alan 3500-dən artıq COVID-19 xəstəsinin pulsuz dərmanlarla təmin olunması haqqında danışıb.

İnara Makayevanın sözlərinə görə, asimptomatik və yüngül simptomlu xəstələrin pulsuz dərmanlarla təmin edilməsi haqqında qərar qəbul olunub: “Belə xəstələrə müalicə üçün lazım olan dərman vasitələri paylanılıb: C vitamini, D vitamini, Sink, Selenium, Maqnezium və Parasetamol. Beynəlxalq tövsiyələrə əsasən, yuxarıda sadalanmış preparatlar insanın immunitet sistemini stimullaşdırır, viruslarla mübarizə üçün səfərbər edir”.

Onlayn müsahibə zamanı İnara Makayeva İşçi qrupunun COVID-19 xəstələrinin ambulator şəraitdə müalicəsi üçün xüsusi təlimat hazırladığını da söyləyib: “İş prosesi belə təşkil olunub: hər gün poliklinikalarda test nəticələri müsbət çıxan xəstələrin siyahıları tutulur. Bu xəstələrlə daha sonra telefonla əlaqə saxlanılır və mövcud vəziyyətləri ilə bağlı sorğular həyata keçirilir. Qeyd etmək lazımdır ki, reseptlə təchiz olunmuş dərmanlar birbaşa xəstələrin yaşadıqları yerlərə çatdırılır. Pasiyentlər onları 15-20 gün ərzində qəbul edir. Sahə həkimləri gündə iki dəfə onlarla əlaqə saxlayıb, dərman qəbuluna nəzarət edirlər. Yuxarıda sadalanan, bu günə qədər görülmüş bütün tədbirlər xəstəliyi evdə asanlıqla keçirən və tibb müəssisələrinə baş çəkməyən pasiyentlərin tezliklə sağalması üçün zəruri şərait yaradıb və bununla digərlərin yoluxma təhlükəsini azaldıb. İndi biz COVID-19 diaqnozlu pasiyentlərin xəstəxanalara yerləşdirilmə sayında ciddi azalma müşahidə edirik, ağır xəstələrin sayı azalmaqdadır. Həmçinin koronaviruslu xəstələrin reanimasiya və süni ağciyər ventilyasiya cihazlarına qoşulma ehtiyacı ümumiyyətlə azalıb. Ancaq bu hələ təhlükənin tam bitdiyini bildirmir. Hal-hazırda hamımız - həm həkimlər, həm də xəstələr mümkün qədər diqqətli və nizamlı olmalıyıq ki, gələcəkdə müsbət dinamika bizi sevindirməyə davam etsin”.

Son xəbərlər

Orphus sistemi