Bakı. 13 sentyabr. REPORT.AZ/ Bu ilin 8 ayı ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 486 722-dən çox ümumi müraciət daxil olub.
Səhiyyə Nazirliyindən "Report"a verilən məlumata görə, müraciət edənlərdən 43220 nəfəri xəstəxanalara yerləşdirilib.
Uşaqlar üçün edilən çağırışların sayı 57670, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 7833 olub ki, bu rəqəmdə artım qeydə alınıb.
Məlumata görə, pediatrik çağırışları Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bölmələrində fəaliyyət göstərən pediatrik briqadalar tərəfindən icra olunmasına üstünlük verilib. Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 2100 nəfərdən çox olub.
Ürək-qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 101098, hospitalizasiya 8768, miokard infarktı ilə müraciətlərin sayı 689, hospitalizasiya 649, insultla müraciətlərin sayı 2541, hospitalizasiya 2220 olmuşdur. Keçən ilin 8 ayı ilə müqayisədə insultla bağlı müraciətlərin sayında artım müşahidə edilib.
Nazirlikdən bildirilib ki, sinir sistemi xəstəlikləri ilə əlaqədar müraciətlərin sayı artdığından, belə xəstələrə göstərilən tibbi yardımın keyfiyyətini yüksəltmək məqsədi ilə, nevrologiya üzrə ixtisasartırma kurslarında dəfələrlə iştirak edən həkimlərdən ibarət xüsusiləşmiş briqadalar təşkil olunub. Doğuşla bağlı müraciətlərin sayı 1907, hospitalizasiya1887 olub. Ümumi müraciətlərin içində bədbəxt hadisələrin sayı 16679, hospitalizasiya 11553 olubşdur.Bədbəxt hadisələr zamanı xəsarət alanların çox hissəsini travmalar (zədələnmələr) təşkil edir.
Travmalara məişət, nəqliyyat, istehsalat və digər sədələnmələr aiddir. Zədələnmələrin ümumi sayı 13665, hospitalizasiya olanların sayı 8871 nəfər. Statistik rəqəmlərə əsasən 2018-ci ilin 8 ayı ərzində BŞT və TTYS-na nəqliyyat hadisəsi səbəbindən 1632 müraciət daxil olub. Bu hadisələr nəticəsində 1417 nəfər hospitalizasiya olunub. Ötən ilin analoji dövrü ilə müqayisədə avtoqəzaların sayında azalma müşahidə edilir.
Qeyd edilib ki, Səhiyyə Nazirliyi tərəfindən ayrılan yeni küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən 15 nəfər və paytaxtın doğum evlərində anadan olmuş az çəkili və ya ağır qüsurlarla doğulmuş 400-dən çox körpənin Respublika Perinatal Mərkəzinə, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna daşınması icra olunub.
Təcili tibbi yardıma ehtiyacı olan 254 nəfər yaşayış yeri məlum olmayan şəxs, ilkin tibbi yardım göstərilərək cərrah, travmatoloq, toksikoloq və rentgen müayinəsindən keçdikdən, təmiz geyimlə təmin edildikdən sonra müvafiq xəstəxanalara yerləşdirilib.