Bakı. 12 aprel. REPORT.AZ/ Bakı şəhəri, Səbail rayonunun Şıx qəsəbəsində baş verən uçqun nəticəsində xəsarət alaraq xəstəxanalara yerləşdirilən şəxslərin adları məlum olub.
"Report"un xəbərinə görə, 1981-ci il təvəllüdlü Tofiq Hüseynov sol bud sümüyünün yuxarı hissəsinin qəlpəli sınığı ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.
1983-cü il təvəllüdlü Ayaz Orucov sağ baldırın sınığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib. O, artıq ambulator müalicə üçün evə buraxılıb. 1962-ci il təvəllüdlü Əmir Mehdiyev sol bud sümüyünün sınığı ilə KTM-in reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, hadisə "Green City" yaşayış-istirahət kompleksinin həyətində qeydə alınıb. Burada tikilməkdə olan iaşə obyekti uçub. Nəticədə orada işləyən şəxslərdən azı 2 nəfəri ölüb, 4 nəfəri xəsarət alıb. Yaralılardan 1 nəfərə yerində yardım göstərilib, 3 nəfər isə xəstəxanalara yerləşdirilib.
*** saat 16:56
Bakı. 12 aprel. REPORT.AZ/ Bakı şəhəri, Səbail rayonunun Şıx qəsəbəsində baş verən uçqun nəticəsində xəsarət alan üç nəfər xəstəxanalara yerləşdirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, yaralıların üçü də kişidir: “Onlardan ikisi 1 saylı Kliniki Tibbi Mərkəzə, digəri isə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna aparılıb. Yaralılardan ikisinə müştərək travma, birinə isə ətrafın travması diaqnozu qoyulub”.
Nazirlikdən o da qeyd olunub ki, hadisə yerində 6 nəfər olub: “Onlardan 1 nəfərə yerində yardım göstərilib, 2 nəfər isə hadisə yerində dünyasını dəyişib”.