Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov COVID-19 pasportlarından biri olan vaksin sertifikatının şəklini öz tvitter səhifəsində paylaşıb.
“Pandemiyaya qalib gəlməyin və normal həyata mümkün qədər tez qayıtmağın yeganə yolu peyvənddir!”, - o yazıb.
Qeyd edək ki, COVID-19 pasportunun iki növü var. Bunlardan biri “COVID-19 vaksin sertifikatı”, digəri isə “COVID-19 immunitet sertifikatı”dır: “COVID-19 vaksin sertifikatı” COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunanlara (iki dozada), “COVID-19 immunitet sertifikatı” isə xəstəliyə yoluxub sağalmış şəxslərə verilir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu gün COVID-19 pasportlarının əldə edilməsi qaydalarını açıqlayıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilmiş brifinqində fəaliyyətinə icazə verilmiş bəzi sahələrdə COVID-19 pasportlarının tələb olunacağı bildirilib. Belə ki, Ş.Mövsümov brifinq zamanı bildirib ki, COVID-19 pasportları olan vətəndaşların idman sağlamlıq obyektlərinə girişinə imkan veriləcək. İlkin olaraq COVID-19 pasportları yalnız idman sağlamlıq mərkəzlərinə girişə tətbiq edilsə də, sonradan bu pasportlar digər müəssisələrə də, yəni konsert, teatr, toy və digər şənliklərə giriş üçün tələb oluna bilər.