"Qida təhlükəsizliyi haqqında" qanun qüvvəyə minib

"Qida təhlükəsizliyi haqqında" qanun qüvvəyə minib “Qida təhlükəsizliyi haqqında” qanun (38.6-cı, 38.7-ci və 38.8-ci maddələri nəzərə alınmaqla) 2023-cü il yanvarın 1-dən qüvvəyə minib.
Sağlamlıq
1 yanvar 2023 05:10
Qida təhlükəsizliyi haqqında qanun qüvvəyə minib

“Qida təhlükəsizliyi haqqında” qanun (38.6-cı, 38.7-ci və 38.8-ci maddələri nəzərə alınmaqla) 2023-cü il yanvarın 1-dən qüvvəyə minib.

"Report" xəbər verir ki, qanun qida təhlükəsizliyi sistemi üzrə bir çox yeniliklərin hüquqi bazasını formalaşdırmaqla yanaşı, sahibkarlara dövlət dəstəyi siyasəti çərçivəsində bəzi inzibati prosedurların sadələşdirilməsini də nəzərdə tutur.

Qanuna əsasən, bu gündən etibarən sahibkarlıq subyektlərini bir sıra yeniliklər gözləyir. Belə ki, təsdiqi tələb olunan xaricdəki qida obyektlərindən məhsul idxalına yalnız obyekt təsdiq edildikdən sonra icazə veriləcək. Bəzi ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması avtomatik olaraq, bəzi ölkələrdə isə qiymətləndirmə aparılmaqla həyata keçiriləcək.

Bioloji aktiv qida məhsulları, qida və yem əlavələri və təbii mineral sular dövlət qeydiyyatına alındıqdan sonra onların istehsalı, emalı və dövriyyəsinə icazə veriləcək. Qida məhsullarının, o cümlədən mineral suların üzərində “müalicəvi” sözünün yazılmasına icazə verilməyəcək və bu cür məhsulların idxalı, istehsalı mümkün olmayacaq.

Qida məhsullarının markalanmasında Azərbaycan dilində məlumatlar olmadıqda, həmin məhsulların idxalına və dövriyyəsinə icazə verilməyəcək. Qida məhsullarının markalanmasında qida məhsullarına xas olmayan təsir və ya xassələrin göstərilməsinə, habelə eynixassəli oxşar qida məhsullarının hər birinə məxsus xassələrin xüsusi xassələr kimi təqdim edilməsinə icazə verilməyəcək. Bəzi yüksək riskli qida məhsullarının idxalı üçün həmin məhsulların təhlükəsizliyini təsdiq edən sənədlə müşayiət olunması tələbi qüvvəyə minəcək.

Bütün qida və yem məhsulları məhsul idxal olunmamışdan əvvəl bildiriş göndərildikdən, idxal olunduqdan sonra isə sənəd nəzarəti, eynilik nəzarəti və fiziki nəzarətdən keçdikdən və idxal sağlamlıq aktı verildikdən sonra dövriyyəyə buraxılacaq. Qida ilə təmasda olan material və məmulatların idxalı zamanı onlara Agentlik tərəfindən verilən idxal sağlamlıq aktı, yerli istehsal olduqda isə obyektlərin qeydiyyatı tələb olunacaq.

Aşağı riskli məhsullara aid qida obyektlərinin qeydiyyatı avtomatik, yüksək riskli məhsullara aid obyektlərin təsdiqi isə tələblərə uyğunluğu qiymətləndirilməklə həyata keçiriləcək. Obyektlərin və subyektlərin qeydiyyatı dövlət rüsumu tələb olunmadan, təsdiqi isə mikro və kiçik sahibkarlıq subyektləri üçün rüsumsuz, orta və iri subyektlər üçün isə vahid məbləğ (150 manat) olmaqla ödəniləcək. Yem məhsullarının dövlət qeydiyyatı “yem zəncirinə” nəzarətlə əvəz olunacaq. Özəl laboratoriyalar akkreditasiya ilə yanaşı, AQTİ-nin səriştəlilik sınaqlarından keçdikdən sonra onların nəticələri qəbul ediləcək.

Qanunun 38.6-cı maddəsinə əsasən, qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida subyektləri öz qida obyektlərində HACCP-a əsaslanan prosedurları tətbiq etməli və buna əsaslanan qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdır (Qanunun 16.2-ci maddəsi).

Qida subyektləri qida məhsullarının istehlak olunduğu ictimai iaşə və xidmət obyektlərində HACCP-a əsaslanan prosedurları tətbiq etməli və bu prinsiplərə əsaslanan qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdırlar (Qanunun 19.3-cü maddə) bağlı müddəalar “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, iri sahibkarlıq subyekti hesab edilən qida subyektləri üçün bu Qanun dərc olunduğu gündən iki il, orta və kiçik sahibkarlıq subyektləri hesab edilən qida subyektləri üçün dörd il, mikro sahibkarlıq subyektləri hesab edilən qida subyektləri üçün altı il sonra qüvvəyə minir.

Qanunun 38.7-ci maddəsinə əsasən, həmin Qanunun 25.1-ci maddəsi, yəni yeni növ qida məhsullarının, təbii mineral suların və genetik modifikasiya olunmuş orqanizmlərin və yem məhsullarının qeydiyyata alınması ilə bağlı tələblər bu Qanun dərc olunduğu gündən bir il sonra qüvvəyə minir.

Qanunun 38.8-ci maddəsinə əsasən, həmin Qanunun 27-ci maddəsi, yəni qida və yem məhsullarının izlənilməsi bu Qanun dərc olunduğu gündən iki il sonra qüvvəyə minir.

Qeyd edək ki, 9 fəsil, 38 maddədən ibarət olan qanun Azərbaycanda ilkin istehsal, istehsal və emal edilən, ölkəmizin ərazisinə idxal olunan qida məhsullarına, habelə qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinə şamil olunur.

Son xəbərlər

Orphus sistemi