“Koronavirus epidemiyasından qorunmaq üçün spirtdən istifadə inandırıcı deyil. Yəni spirtdən istifadənin effekti yoxdur”.
Bunu “Report”a açıqlamasında müstəqil səhiyyə eksperti, professor Adil Qeybulla deyib.
O, bunu spirtin antivurus aktivliyinin yüksək olmaması ilə əlaqələndirib.
Ekspert qeyd edib ki, insanlar əsas əllərinin tez-tez yuyulmasına önəm verməlidir:
“Əllər yuyulan zaman qələvi mühit əldə olan bütün yağları, piy vəzilərinin axarlarını təmizləyir. Ələ yapışmış viruslar yağlarla müəyyən qatdan xaric olur. Bu baxımdan əllərin xüsusilə kontaktdan sonra gün ərzində 10-15 dəfə yuyulması məqsədəuyğundur”.
A.Qeybulla eyni zamanda xəstə insanların qoruyucu maskalarının tez-tez dəyişilməsinin zəruriliyini vurğulayıb. O bildirib ki, sağlam insanlar qoruyucu maskaları heç olmasa iki saatdan bir dəyişməlidir:
“Bir maska uzun müddət istifadə olunarsa, onda tez nəmlənir və keçiricilik yaranır. Ona görə də tibbi maskalardan istifadə olunmalıdır. Belə maskaların üstünlüyü ondan ibarətdir ki, suda islanmır. Bu da vacib şərtdir, çünki infeksiyanın keçmə yolu hava-damcı və hava-toz, kontaktdır. Maskalar bu faktorlardan qorumalıdır. Ona görə də üzərində "tibbi maska" yazılanlardan istifadə edilməlidir. Stasionarda istifadə olunan maskalar etibarlı sayılır. Əsas odur ki, maska ağız və burunu örtməlidir. Əminəm ki, apteklərdə satılan maskalar da bu təyinatlıdır”.
O həmçinin qeyd edib ki, əhalinin kütləvi toplandığı yerlər, məktəblər, universitetlər, iş yerlərinin dezenfeksiyası mütləqdir:
“Virusların havada, müxtəlif yerlərdə kütləvi məhv edilməsi üçün tədbirlər lazımdır. Çində aparılan bu qabaqlayıcı tədbirlər bir daha göstərdi ki, məsələyə necə ciddi yanaşırlar. Onlar küçələri belə dezenfeksiya edirlər”.
Qeyd edək ki, Çində koronavirusdan ölənlərin sayı 2 663 nəfərə çatıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, Azərbaycanda bu günədək koronavirusa yoluxma halı qeydə alınmayıb.