Nuran Abdullayev: “Azərbaycanda səhiyyə sisteminə nəzarət edən xüsusi sistem olmalıdır” - MÜSAHİBƏ

Nuran Abdullayev: “Azərbaycanda səhiyyə sisteminə nəzarət edən xüsusi sistem olmalıdır” - MÜSAHİBƏ Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin sədri, radiologiya və neyroradiologiya sahəsində dünyada bir çox ilklərə imza atan, Almaniyada insult xəstələrində beyin əməliyyatları keçirən ən gənc həkimlərdən olan tibb elmləri doktoru, dosent Nuran Ab
Sağlamlıq
29 Aprel , 2022 14:18
Nuran Abdullayev: “Azərbaycanda səhiyyə sisteminə nəzarət edən xüsusi sistem olmalıdır” - MÜSAHİBƏ
Nuran Abdullayev

Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin sədri, radiologiya və neyroradiologiya sahəsində dünyada bir çox ilklərə imza atan, Almaniyada insult xəstələrində beyin əməliyyatları keçirən ən gənc həkimlərdən olan tibb elmləri doktoru, dosent Nuran Abdullayevin “Report”a müsahibəsi:

- Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçısı oldunuz. Səhv etmirəmsə, bu, sizin Şuşaya ilk səfəriniz idi. Zəhmət olmasa səfər təəssüratlarınızı bölüşərdiniz...

- Otuz illik işğaldan sonra torpaqlarımız azad olundu, Dünya Azərbaycanlılarının Qurultayı azad Qarabağda, azad Şuşada keçirildi. Təbii ki, bu tədbirin keçirilməsinin nəinki mənim üçün, eləcə də dünya azərbaycanlıları üçün həm tarixi, həm də mənəvi anlamı var idi. Ümumi hisslərə gəlincə, çox qürurlu, şərəfli anlar idi. Hər kəs sevincli və xoşbəxt idi, hamı telefonla yolboyu müşahidə etdikləri erməni vəhşiliklərini çəkirdilər. Bunu etməkdə məqsəd bu barədə dünya ictimaiyyətinə, yaxınlarına, ətrafında olanlara real faktlarla göstərmək idi. Təbii ki, gördükləri mənzərələrdən hamı pis olmuşdu. Şuşaya doğru hərəkət etdikcə Zəfər yolunun hazır olması, digər tikililərin sürətlə davam etməsi hər kəsi sevindirirdi. Şuşaya çatdıqda şəhidlərin qanı ilə müqəddəsləşən şəhəri gördükdə bir başqa hisslər yaşadıq. Bir çoxları sevinc göz yaşlarına hakim ola bilməyib ağlayırdılar, bir-birini qucaqlayıb Zəfər münasibətilə təbrik edirdilər. Bir sözlə, yaşanılan hissləri sözlə ifadə etmək yetərsizdir.

Qurultayda Prezident İlham Əliyevin geniş və əhatəli çıxışı oldu. Çıxışda postmünaqişə dövründəki hadisələrdən, yeni reallıqlardan, diaspor fəaliyyətlərinin istiqamətləri üzrə əsas hədəflər bildirildi. Konkret çağırışlar oldu və hədəflər bundan sonrakı dövrdə hər bir diaspor üzvlərinin yaşadığı ölkələrdə görəcəyi işlərin fəaliyyət istiqamətləri olacaq. Odur ki, görüləcək işlər daha da intensivləşəcək.

- Almaniyadakı azərbaycanlıların diaspor fəaliyətinin aktivliyini necə qiymətləndirirsiniz?

- 2018-ci ildən bu günə qədər diaspor fəaliyyətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Gərgin iş fəaliyyətindən sonra hazırda əlimizdə kifayət qədər koordinasiyalı işin təşkilinə görə resurslar var ki, biz də bunları cənab Prezidentin səsləndirdiyi prioritetlər istiqamətində istifadə edəcəyik. Sədri olduğum Almaniya Azərbaycanlıları Alyansı (AAA) bundan sonra həmin prioritetlər istiqamətində həm gənclərə dəstək, həm də ölkə başçısının Ana dili ilə bağlı xüsusi qeyd etdiyi məqamlar var ki, biz bu gün Almaniyada Ana dili ilə bağlı dərslər təşkil edirik. Təbii ki, bu işimizi daha da intensivləşdirəcəyik. Həmçinin Ana dilini tədris edən məktəblərin sayının artırılması istiqamətində də addımlar atılacaq. Bu sahədə fəaliyyətimiz daim olub. Sadəcə bundan sonra işlər daha da təkmilləşdiriləcək. Diqqətdə saxlamalı olduğumuz məqamlardan biri də öz mədəniyyətinə bağlı olan ikinci, üçüncü nəsil azərbaycanlıların olması və bu istiqamətdə fəaliyyət göstərməyimizdir. Bu günə qədər təşkil edilən kurslar, dərslər də məhz bu işə hesablanıb.



- Sədri olduğunuz Almaniya Azərbaycanlıları Alyansının digər fəaliyyətləri barədə də məlumat verməyinizi xahiş edirik...

- Alyansın hər zaman illik proqramı olur ki, buraya istər Azərbaycan reallıqlarını və tarixmizi, milli irsimizi təqdim etmək istiqamətindəki tədbirlər, mədəniyyətimizlə bağlı olan gecələr daxildir. Eləcə də Almaniyada olan azərbaycanlıların müəyyən problemlərinin həlli istiqamətində əlimizdən gələn maksimum köməyi etməyə çalışırıq. Bunu da Diasporla İş üzrə Dövlət Komitəsinin xüsusi dəstəyi ilə edirik. Bundan başqa, 44 günlük Vətən müharibəsində aktiv fəaliyyətimiz oldu. Bu günə qədər Avropada təşkil olunan erməni təxribatına qarşı Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdırmaq istiqamətində ən böyük tədbir Berlində oldu. Buraya 10 mindən çox insan bir araya gəldi. Bundan başqa, digər şəhərlərdə də hər həftə belə mitinqlər təşkil olunurdu. Alyansın bir qolu elm adamları, həkimlər və tibb tələbələri ilə bağlı olub. Buna misal olaraq Almaniyada çalışan həkimlərin I forumunu təşkil etdik ki, orada uzun müddət Almaniyada həkim olaraq çalışan şəxslər, elm adamları, klinika rəhbərləri, şöbə müdirləri və tibb tələbələr iştirak edirdi. Diasporumuzun gələcək fəaliyyətində koordinasiyalı işin təşkilində və bizim həqiqətlərin təbliğində tibb işçilərinin də dəstəyi önəmlidir. Milli dəyərlərimizə əsaslanan tədbirlərin hər birini Almayaniyada keçirməyə çalışırıq. Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə, xüsusilə də almanların nəzərinə çatdırmaq üçün daim tədbirlərimiz olur.

Nuran Abdullayev
Nuran Abdullayev

- Tibb elmləri doktoru, alim kimi necə düşünürsünüz, hazırda dünyada hansı inqilabi tibbi yeniliklər var?

- Dünyada elə ölkələr var ki, orada artıq koronavirusla əlaqəli vəziyyət endemik mərhələyə keçib. Yoluxmalar müəyyən formada sıfra yaxınlaşıb. Göstəricilərin bu qədər azalması COVID-19 əleyhinə peyvəndlərin qısa zaman ərzində hazırlanması idi. Bu cür texnologiya ilə peyvəndlərin qısa zaman kəsiyində hazırlanması o deməkdir ki, yaxın gələcəkdə də xərçəng xəstəliyinin bir çox növünə qarşı peyvəndlərin tətbiqi olacaq. Misal olaraq, kiminsə ailəsində risk faktoru və ya gendə olan dəyişikliklərə əsasən deyilə bilər ki, 30 yaşda olan birinin 60 yaşına qədər konkret xərçəng növünün adı çəkilərək yoluxma ehtimalı faizlə deyiləcək və xərçəngə qarşı hazırlanacaq vaksindən illik vurulsa, xərçəngə yoluxma riski faiz etibarı ilə çox aşağı düşə biləcək. Bu istiqamətdə ciddi elmi-araşdırmalara, tədqiqatlara başlanılıb. Həmin peyvəndlərin hazırlanma texnologiyası bu gün koronavirusa qarşı hazırlanan vaksinlərin hazırlanma texnologiyası ilə eynilik təşkil edir. Bu da tibbdə böyük inqilabi dəyişiklik ola bilər. Bundan başqa, dağınıq skleroz xəstəliyinə qarşı peyvəndlərin hazırlanması istiqamətində ciddi elmi uğurlar var. Bunun yaxın illər ərzində tətbiqinə şübhəm yoxdur.

- Azərbaycanın səhiyyə sistemi ilə bağlı hansı təklifləriniz var?

- Azərbaycanın səhiyyə sistemində kifayət qədər uğurlu islahatlar əldə edilib. Bu islahatların hər birinin pozitiv nəticəsi var. Təklif odur ki, bütün inkişaf etmiş dünya ölkələrində olduğu kimi Azərbaycanda da səhiyyə sisteminə nəzarət edən xüsusi sistemin olmasıdır. Bu sistem də yaradılmasını təklif etdiyin Prezident Administrasiyasının səhiyyə məsələləri şöbəsi - Azərbaycan Prezidentinin səhiyyə məsələləri üzrə köməkçisi üzərindən ola bilər. Həmin şöbə və şəxs də birbaşa bu işlərə nəzarət mexanizmlərini hazırlamalıdır. İctimai səhiyyənin əsaslarını bilən və xaricdə oxuyan həmvətənlərimiz var ki, onların təcrübəsindən yararlanmaq olar.

- Mayın 1-dən Azərbaycanda qapalı məkanlarda tibbi maskadan istifadə məcburi olmayacaq. Nəzərə alsaq ki, hazırda pandemiya hələ bitməyib, yoluxma, yeni təhlükəli ştamların yaranması və yayılması təhlükəsi hələ də qalır. Vətəndaşlara nə tövsiyə edərdiniz?

- Tibbi maskaların ləğv olunması qərarları qəbul edilərkən tək elmi yox, digər məqamlar da nəzərə alınır. Bütün dünyada yaşayan vətəndaşların üzlərində pandemiya ilə əlaqəli yorğunluq görünürdü. Ümumi olaraq maskalardan hər bir kəs nəinki pandemiya dövründə, eləcə də sonrakı müddətdə bəzi yoluxucu xəstəliklərdən qorunmaq üçün istifadə etməsi tövsiyə olunur. Bu, əslində həmin şəxslərin mövsümi qriplərə yoluxmasını müəyyən qədər qarşısını ala bilər. Ümumilikdə isə mən ilin əvvəlində artıq bildirmişdim ki, 2022-ci ildə effektiv peyvənd alanlar üçün pandemiya bitmiş sayılır.

Son xəbərlər

Orphus sistemi