Mama-ginekoloq Şölə Əkbərovanın “Report”a müsahibəsi:
- Azərbaycanda qadınlar ginekoloqa vaxtı-vaxtında müraciət edirmi?
- Ümumilikdə hər kəs ildə bir dəfə də olsa həkim müayinəsinə getməlidir. Ginekoloji müayinəyə gəldikdə isə qadınlarımız bu məsələdə adətən məsuliyyətsizlik edirlər. Çünki bizim insanlar adətən ya xəstə, ya da hansısa nahiyələrində ağrıları olarsa həkimə getməyə üstünlük verirlər. Çox az sayda qadınlarımız var ki, profilaktik müayinələrini etdirirlər. Xroniki xəstəlikləri olan pasiyentlərə ciddi şəkildə tapşırırıq ki, müyyən müddətdən sonra mütləq yoxlanışa gəlməlisən. Onlardan da bəziləri bu tövsiyələrə əməl edir. Bütün qadınlara müraciət edirəm ki, özlərinə və qız övladlarının sağlamlığına məsuliyyətsiz yanaşmasınlar. Qızlarına obyekt kimi yox, fərd kimi yanaşsınlar. Övladının ailə qurmasını gözləmədən ildə ən azı bir dəfə ginekoloji müayinəyə aparsınlar.
- Ginekoloqa hansı yaş aralığında olan qadınlar daha çox müraciət edir və bu nə ilə bağlıdır?
- Pasiyentlərimiz əsasən 35-45 yaş arasında olan qadınlardır. Gənc və 50 yaşın üstündə olan qadınların sayı isə azdır. Bunlar əsasən ailə quran qadınlardır ki, artıq iki-üç uşağı var və onların həkimə müraciət etməsi problem deyil. Ailə qurmayan xanımlar ginekoloqa az müraciət edir. Gənc xanımların ailələri övladlarının problemlərini dilə gətirmək belə istəmirlər. 50 yaşdan yuxarı qadınlarımız isə menstruasiyadan kəsilən (tibbi adı menopauza) dövr olduğundan şikayətləri olsa belə ayıb hesab etdiklərindən həkimə getmirlər. Bizim insanlarda sosial qınaq düşüncəsi olduğundan həkimə müraciət etməkdən çəkinirlər. Yaşlı qadınlar isə həkimə gəlmək üçün ya gəlninə, ya da qızına deməlidir ki, onu aparsın. Bir sözlə, bunu özlərinə ayıb hesab edirlər.
- Ginekoloqa müraciət zamanı qadınlarda əsas hansı problemlər meydana çıxır?
- Müayinələrdən sonra qadınlarda ginekoloji problemlər adətən çox olur. Əsas problem qadın ginekoloji orqanların sallanması ilə bağlıdır. Bu həm hamiləlik, həm də doğuşlarla bağlı olaraq uşaq yolu sallanmasıdır. Qadınlar uzun müddət bu problemdən əziyyət çəkirlər. Ağrısalar da utandıqlarından həkimə gəlmirlər. Digər çox rast gəlinən problem isə daha çox menstrual dizfunksiyalarda özünü büruzə verir. Qadınlarda menstruasiya zamanı qanama müddətinin uzun olması, menstruasiya tsiklinun qeyri müntəzəm olması əksər pasiyentlərdə rast gəlinir.
- Uşaqlıq yolunun sallanmasının nə kimi fəsadları var?
- Uşaqlıq yolunun sallanması uşaq yolu divarlarının boşalması nəticəsində qonşu orqanlarda problemə səbəb olur. Misal olaraq, sidik qaçırma, qəbizlik kimi hallar qeydə alınır. Sallanma olduğu üçün qadın uzun müddət ayaq üstə dayana bilmir. Bu da pasiyentdə aralıq nahiyəsində sanki şişkinlik varmış kimi diskomfort hissi yaratmış olur. Sürtünmə, hətta 3-4-cü dərəcli sallanmada uzun müddətli sidik qaçırma həm qonşu orqanların selikli qişasında yaralar əmələ gətirir. Bundan əlavə, qadınlarda sosial problemlərə də yol açır.
- Son zamanlar sosial şəbəkələrdə hələ də erkən nikahların olduğunun şahidi oluruq. Ümumilikdə erkən nikahın qadın orqanizminə nə kimi ziyanı var?
- Bu kimi nikahlar bütün dövrdə olub. Sadəcə, indi bu məsələ qanunvericiliklə tənzimləndiyindən nisbətən azalıb. Ümumiyyətlə, qadın orqanizmində 16-17 yaşında hələ formalaşma gedir. Yumurtalıqlar və onun ifraz etdiyi hormanlar öz işlərini görür. Yəni tamamlanma həmin yaş dövründə hələ davam edir. Evlilik üçün qızın boyunun uzun və ya dolu bədənli olması əsas deyil. Önəmli olan onun beyninin inkişaf etməsidir. Yəni bütün inkişaf əlaqəli olmalıdır. Erkən yaşda ailə quran xanımın uşaq sahibi olmağı, gələcəkdə övladına tərbiyə verməsi məsələsi var. Bütün hallarda erkən nikahlara yol verilməməlidir.
- Bir qadının ana olmaq yaşı neçədir? Bədən hansı yaşda özünü evliliyə və analığa hazır hiss edir?
- Tibbi baxımdan reproduktiv, yəni nəsil artırma qadınlarda 21 yaşdan götürülür. 21-45 yaş arası reproduktiv dövr hesab olunur. İddialı səslənsə də 35 yaşın altına qədər qadınlara ana olmaq məsləhət görülür. Çünki 35 yaşdan sonra qadınların yumurta hüceyrələrində qocalma gedir. Həm yumurta rezervi, həm hamilə qalma şansı azalır, həm də qadınlarda xromosomlarda qocalma meydana gəlir. Nəticədə qüsurlu körpənin dünyaya gəlmə şansı artır. Ona görə də ən optimal ana olmaq yaşı 21-35 yaş arasıdır.
- Yeniyetmə yaşlarında erkən hamiləliyin tibbi baxımdan zərəri nədir? Yeniyetmə yaşlarında övlad dünyaya gətirən ana və övladın sonrakı sağlamlığında nə kimi dəyişikliklər özünü büruzə verir?
- Bu yaşda ana olmağın böyük riskləri var. Hamiləlik insan orqanizmində böyük dəyişikliyə səbəb olur. Misal olaraq, sual ortaya çıxır ki, erkən yaşda qadının orqanizmi hamiləliyi qaldıra biləcək gücdədirmi? Bütün bunların hamısı böyük riskdir. Digər tərəfdən, gələcəkdə həmin qadında uşaqlıq boynu, eləcə də daxili cinsiyyət üzvlərinin xərçənginin olma ehtimalı var. Bütün hallarda erkən yaşda hamilə olmaq tibbdə əks göstərişdir.
- Erkən nikaha girən, yetkinlik yaşına çatmayan pasiyentiniz olubmu?
- Sevinirəm ki, belə pasiyentim olmayıb.
- Erkən nikahlara Bakıda, yoxsa regionlarda daha çox üstünlük verilir?
- Bəlkə Bakıda da belə hallar olur, ancaq bölgələrimizdə tək erkən nikahlar deyil, qohum evlilikləri də çoxdur. Maarifləndirmə və xəstəliklərin artımı müşahidə olunsa da, qohum nikahlarına yenə də rast gəlinir.
- Hamiləlik və doğuş zamanı meydana çıxan problemlər daha çox nə ilə əlaqəli olur?
- İlk olaraq hamilələrin məlumatsızlığı buna səbəbdir. İkincisi isə böyüklərin keçmişlə müqayisə aparmasıdır. Nənələrimiz tarlada doğub, hamiləlik fizioloji haldır deyə həkimə getmək lazım deyil, USM müayinəsindən keçmək olmaz, şüalanma var. Unutmaq lazım deyil ki, biz keçmişdə yox, XXI əsrdə yaşayırıq. Qidalarımız əvvəlki kimi deyil, bir çox dəyişikliklər var. İndiki dövrdə hamiləlik dövrünün müayinə üsullarında inkişaf çox olub, hamiləlik müddətində USM, bəzən hətta MRT müayinəsi və ehtiyac olduqda infaziv müayinələr aparılır. Burdan xanımlarmızın nəzərinə USM-nin faydasını çatdırmaq istərdim.
USM hamiləliyin erkən dövründə, döldə olan bir çox problemləri vaxtında aşkarlamaq imkanı verir. Miflərlə yaşamaq düzgün deyil. İlk növbədə, ailə quran cütlüklər bilməlidir ki, hamiləlik planlı şəkildə olmalıdır. Uşaq dünyaya gətirməmişdən əvvəl xəstəlik varsa aşkarlanmalıdır, xəstəliyin hansı fazada olması təhlil olunmalıdır. Odur ki, ilk olaraq həmin xəstəlik müalicə edilməli və ardınca hamiləlik planlaşdırılmalıdır.
Məsələn, Azərbaycanda anemiyalara çox rast gəlindiyindən belə qadınların, düzgün müalicə almadan hamilə qalması məsləhət deyil. Ümumiyyətlə, hamiləlik vaxtı qadınlarda səhhətləri ilə bağlı bir çox problemlərin meydana çıxma ehtimalı yüksəlir. Bununla yanaşı, günümüzdə həkimlərə etibar etməmək də problem olaraq mövcüddir. Bütün bunların əsas mərkəzində maarifləndirmənin az olması dayanır.
- Hamilə zamanı qadınlara nəyi etmək məsləhət görülmür?
- Hamiləlik zamanı qadının səhhətində ciddi problemlər müşahidə olunmasa normal həyatına davam edə bilər. Yəni idmana gedirdisə yenə də yüngül hərəkətlərlə idmanını davam etdirə bilər. Üzməyə də gedə bilər. Eyni zamanda, yoqa və pilateslə də məşğul ola bilər. Təbii ki, bütün bunlar həkim müayinəsindən və məsləhətindən sonra edilməlidir. Əks təqdirdə fiziki güc və gərginlik yolverilməzdir. Günün digər aktual məsələsi hamilələrin lazer epilyasiyasına getməsidir. Bu gün tibbi baxımdan lazerin uzaq fəsadları bilinmir, yaxın fəsadları isə yoxdur. Çünki lazer şüası 2 mm dərinliyə keçir. Yəni dərinin dərinliyinə keçmir. Ancaq yenə də qadınlarımız hamilə qalmazdan öncə bu prosedura müraciət etsinlər. Onsuzda hamiləlik müddətində əksər qadınlarda tük tökülməsi halı baş verir. Əgər tüklər qadını narahat edib onda diskomfort hiss yaradırsa daha yüngül və ağrısız vasitələrə (lipuçka) üstünlük verə bilərlər.
- Pandemiya dövründə hamilə qalmaq və ana olmaq narahatlıq yaratmır?
- Hamiləlik dönəmində pasiyentlərə başda qrip olmaqla, müxtəlif növ infeksiyalardan qorunmağı məsləhət görürük. Hazırda koronavirus əleyhinə peyvənd vurulması gündəmdədir. Hamiləlik dönəmində COVID-19-a yoluxan pasiyentim olub. Daim nəzarət altında olan analarımızın səhhətində heç bir problem olmayıb. Bəllidir ki, bu virusda ağırlaşmalar adətən düzgün müalicə edilməməsi səbəbindən baş verir. Həkim məsləhəti olmadan qəbul edilən dərmanlar immun sistemini çökdürür. Bu da təşvişdən irəli gəlir.
- Bu gün ölkədə ana olmağa namizəd olanlar təbii, yoxsa qeysəriyyə üsulu ilə doğuşa üstünlük verirlər?
- Həm təbii, həm də qeysəriyyə doğum həkim göstərişi əsasında olmalıdır. Yəni bu həkim və ya pasiyentin şəxsi istəyinə görə verilən qərar deyil. Tibb təcrübə və protokollar əsasında idarə olunur. Amma bu gün şəxsi istəyə görə qeysəriyyə doğum edən xəstələrin sayı kifayət qədər çoxdur. Halbuki qeysəriyyə doğumun özünündə əks göstərişləri və fəsadları var. Hesab edirəm ki, bu hissəni pasiyentlərə başa salmaq lazımdır. İlk növbədə anlamaq lazımdır ki, qeysəriyyə əməliyyatdır. Bu zaman digər qonşu orqanların zədələnməsi halları da ola bilər. Bəzən bu əməliyyat yerlərində bitişmələr yaranır, nəticədə xəstələrin borularının keçiriciliyi pozulur, sonrakı müddətdə hamiləlik baş tutmur və ikincili sonsuzluq inkişaf edir. Bu, ən çox yayılan fəsadlarındandır. Dölün çəkisi, pasiyentin vəziyyəti, ananın çanağı və digər hallar nəzərə alınaraq doğuş növünə qərar verilməlidir. İri döl, köndələn gəliş təbii doğuşluq deyil.
- Ölüm halları hansı doğuş növündə daha çox qeydə alınır?
- Hər iki növdə də eyni sayda letal sonluq baş verə bilər. Doğuşun təhlükəli keçəcəyi ilə bağlı bir çox hallar var. Bununla yanaşı, qeysəriyyə əməliyyatında həyatı təhlükəli problem yarana bilər. Adətən 35 yaşın üzərində olan hamilələr üçün təbii doğuş çətinləşir. Doğuşun gedişatı ağırlaşa bilər. Yaş artıdqca həm sağlam uşaq dünyaya gətirmək, həm ananın sağlamlığını qorumaq ehtiyacı yaranarsa, qeysəriyyə əməliyyatı daha çox tövsiyyə olunur. Hər şey qaydasındadırsa təbii ki, normal doğuş baş tuta bilər. Erkən yaşda ana olan qadınlarda doğuş zamanı ölüm faktının olması riski böyükdür.
- Birinci doğuşdan nə qədər müddət sonra orqanizm toparlanır və ikinci hamiləlik neçə ildən sonra olmalıdır?
- Ümumilikdə, hamiləlik zamanı orqanimzdə baş verən dəyişikliklər 6 ay ərzində özünü bərpa edir. Uşaq yolunun əvvəlki formasına qayıtması, hormonlara bağlı dəyişikliklər, qanda laxtalanmaya meylliliyin azalması və digər hallar təqribə 6 ay müddətində düzəlir. Yaxud ana südvermə ərəfəsindədirsə bu proses bitdikdən 2-3 ay sonra da özünütoparlama olmalıdır. Bu gün ölkəmizdə qeysəriyyə doğuşdan sonra bir çox qadınlarımız abdomenoplastika (Qarın gərmə) əməliyyatına müraciət edirlər. Fikirləşirlər ki, əməliyyat olunmuşkən ikisi birdən olsun. Bu, heç bir halda yolverilməzdir. Çünki qarın gərmə plastik əməliyyatdır və uzun sürən prosesdir. Bu müddət ərzində də qeysəriyyə əməliyyatı olan qadının həyatı riskə girə bilər. Nə estetik baxımdan, nə də sağlamlıq baxımdından yolverilməzdir. Bir sözlə, uşaq sahibi olmaq istəyən qadın birinci doğuşdan 2 il keçməsini gözləməsi məsləhətdir. Bu həm orqanizmin əvvəlki formasına ideal şəkildə qayıtması, həm də övladının sevgi ilə əhatə edə bilməsi üçün lazımdır.
- Hamiləliyin süni surətdə pozulmasının (abort) qadın orqanizmi üçün fəsadları nədir? Abort sonsuzluğa səbəb ola bilərmi?
- Hamiləlik baş verən andan beyinə siqnal gedir. Hamiləlik də doğuşla bitməlidir. Tibbi və ya qeyri-tibbi göstəriş əsasında hamiləliyin süni surətdə pozulması ilə proses yarımçıq saxlanılır. Bu ilk növbədə hormonal statusda dəyişikliyə səbəb olur. Əksər xanımlarda abortdan sonra menustral tsikl pozulur. Yaxud da yenidən hamilə qalmaq məsələsi yubanır. Çünki abort zamanı uşaqlığın endometrium və digər qatları zədələnə bilər, bundan əlavə abortdan sonra iltihabi xəstəliklər, bitişmələr yarana bilər. Bu da hamiləliyin olmasına maneədir. Yəni hamiləliyi abortla sonlandırmaq normanı pozmaq deməkdir. Ona görə də tibbi göstəriş olmadıqca hamiləliyin süni surətdə pozulması düzgün deyil. Yenə məsləhət görülür ki, hamiləlik öncədən planlaşdırılsın. Hamilə qalmaq istəməyən xanımlarımız həkimə müraciət edərək qoruyucu vasitələrdən düzgün şəkildə istifadə edə bilərlər. Ən çox müraciət edilən qoruyucu vasitələr spiral və dərmanlardır. Təbii ki, hər pasiyentə bunlar məsləhət görülmür. Bunun üçün həkim müayinəsi lazımdır.