Çimərlik və cimerlik.az: hansı problemlər var?

Çimərlik və cimerlik.az: hansı problemlər var? Avqustun 5-dən etibarən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilib.Müvafiq qurumlar tərəfindən aparılan təhlil nəticəsində Bakı şəhəri ərazisində 101, Sumqayıt şəhərində isə
Sağlamlıq
15 Avqust , 2020 12:20
Çimərlik və cimerlik.az: hansı problemlər var?

Avqustun 5-dən etibarən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilib. Müvafiq qurumlar tərəfindən aparılan təhlil nəticəsində Bakı şəhəri ərazisində 101, Sumqayıt şəhərində isə 19 çimərlik istifadə üçün yararlı müəyyən edilib.

Qeyd edək ki, çimərliklərə getməzdən əvvəl “cimerlik.az” saytına daxil olmaq, çimərliklərdəki sıxlıq səviyyəsini yoxlayaraq daha az insanın olduğu əraziyə üz tutmaq, çimərliyə yalnız ASAN könüllüləri tərəfindən nəzarət edilən girişdən daxil olmaq, çıxış üçün nəzərdə tutulan yerdən tərk etmək, istifadəsi zəruri sayılan əşyaları çimərliyə özünüzlə gətirmək, çimərlik ərazisində yerləşdirilmiş dezinfeksiya məhlullarından giriş-çıxış zamanı istifadə etmək lazımdır. Bununla yanaşı, ümumi istifadə olunan soyunub-geyinmə otaqları və sanitar qovşaqlar varsa, sosial məsafə və təmizlik qaydalarına riayət etmək, sahildə yalnız xüsusi iplərlə ayrılmış zonalarda istifadə etmək, çimərlik ərazisində qida və digər əlavələrin istifadəsindən sonra müvafiq ərazini təmizləmək, tullantıları xüsusi ayrılmış qutulara atmaq zəruridir. 

Bununla yanaşı, qadağan olunmuş ərazilərdən istifadə etməmək, sağlamlığınızla bağlı narahatlıq hiss etdikdə dərhal nəzarətçiyə məlumat vermək, çimərlik ərazisində sosial məsafə saxlamaq, nəzarətçilərin tələblərinə riayət etmək lazımdır. Eyni zamanda “cimerlik.az” saytında adı qeyd olunmayan çimərliklərə üz tutduqda pandemiya ilə bağlı monitorinq aparılmadığından ehtiyatlı olmağınız tövsiyə edilir.

“My Beach Novkhani”nin icraçı direktoru Gülarə Əliyeva “Report”a açıqlaması zamanı vətəndaşlardan çimərliklərdə təmizlik qaydalarına riayət etmələrini xahiş edib: “İnsanlar çimərliyə gələn zaman özləri ilə yemək gətirə bilərlər. Bununla bağlı heç bir qadağa yoxdur. Bizim çimərlikdə işçilərimizin, Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndələrinin, polis və FHN-nin əməkdaşlarının, ASAN könüllülərinin xəbərdarlıq etməsinə baxmayaraq ən çox üzləşdiyimiz problem vətəndaşların məsafə qorumamalarıdır. Çimərlik ərazisinin müxtəlif yerlərində məlumatverici nişanlar və lövhələr quraşdırılıb. Biz hər gün səsgücləndirici vasitəsilə çimərlik ərazisində uşaqlar itməsini elan edirik. Valideynlərə tövsiyəm odur ki, uşaqlarında muğayat olsunlar”

G.Əliyeva bildirib ki, həftəsonu çimərliyə gələnlərin sayı adi günlərdən çoxdur:

“Ən böyük problemi də həmin vaxt yaşayırıq. Ancaq həftəiçi çimərliyə gələnlərin sayı normal olur. Biz həftəsonu çimərliyə gələn insanların sayı çox olduğuna görə gücləndirilmiş rejimdə işləyirik. Bir daha vətəndaşlardan xahiş edirik ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara əməl etsinlər. Çünki bu, hər birimizin sağlamlığı üçün vacibdir. Hər birimiz istifadəsi vacib olan yerlərdə maska taxmalı, sosial məsafəni qorumalı və sanitar gigyenik qaydalara uyğun hərəkət etməliyik”.

"ASAN xidmət" könüllüsü Anar Əkbərov isə bildirib ki, ASAN könüllüləri çimərliklərdə giriş-çıxışa nəzarət edir və burada istirahətə gələnlərin sayını kvotaya uyğun tənzimləməyə çalışırlar: "Limit dolduqdan sonra giriş bağlanır və vətəndaşların daxil olmasına icazə verilmir. Bundan sonra çimərliyi tərk edənlərin sayı qədər vətəndaşların daxil olmasına şərait yaradılır. Könüllülərin fəaliyyəti bununla yekunlaşmır. Belə ki, könüllülər çimərlik ərazilərində səsgücləndiricilər vasitəsilə əhalini qaydalara riayət etməyə səsləyir, onları məlumatlandırırlar".

A.Əkbərov həftəsonu çimərliyə üz tutanların sayının digər günlərlə müqayisədə 2-3 dəfə çox olduğunu da diqqətə çatdırıb.

Onu da bildirək ki, bəzi vətəndaşlar “cimerlik.az” saytından narazılıqlarını ifadə edirlər. Belə ki, bəzi vətəndaşlar iddia edirlər ki, sayta daxil olduqda getdiyi çimərlikdəki sıxlıq sayı az görünür və ora getdiyi zaman bunun əksi ilə üzləşirlər. Ya da tam əks hal baş verir.

Son xəbərlər

Orphus sistemi