İsveçrənin Nevşatel şəhərində tütünsüz gələcəyin təmin olunmasında innovasiya, texnologiya və elmin aparıcı roluna həsr olunmuş 8-ci illik “Technovation” konfransı keçirilib.
“Report” xəbər verir ki, tədbir “Philip Morris International” (PMI) şirkətinin Tədqiqat və İnkişaf Mərkəzində təşkil olunub.
PMI-nin baş direktoru Yatsek Olçak öz çıxışında siqaretə qarşı kollektiv mübarizə səyləri çərçivəsində elmi cəhətdən əsaslandırılmış siyasət və innovasiyaların bütün potensialından istifadə edilməsinin zəruriliyini qeyd edib.
Onun sözlərinə görə, tütünçəkmə probleminə elmi və innovativ yanaşmalar bu günə kimi görülən tədbirlərdən daha səmərəli olacaq. Siqaretlə əlaqəli ölüm hallarının 10 dəfə azalmasına nail olmağa kömək edəcək.
“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına görə, planetdə təxminən 1,1 milyard insan siqaret çəkir. Əksər ölkələrdə çox fəal şəkildə maarifləndirmə işlərinin aparılmasına və hökumətin tənzimləyici və ya qadağanedici tədbirlər görməsinə baxmayaraq, siqaret çəkənlərin sayında azalma müşahidə olunmur. Ekspertlər gələcəkdə də kəskin azalmanın olacağını proqnozlaşdırmırlar, bu isə sözügedən tədbirlərin o qədər də effektiv olmadığını göstərir”, - baş direktor bildirib.
Y.Olçak qeyd edib ki, PMI-nin qlobal missiyası nikotindən tamamilə imtina etmək istəməyənlərə alternativ təklif etməkdir: “Əgər siqaret çəkmirsinizsə, buna qətiyyən başlamayın; siqaret çəkirsinizsə, tərgidin; tərgitmək istəmirsinizsə, onu daha az zərərli alternativlə əvəz edin".
PMI-nin beynəlxalq kommunikasiyalar və əlaqələr üzrə vitse-prezidenti Tommazo Di Covanni vurğulayıb ki, innovasiyalar əvvəlcə skeptisizmlə qarşılansa da, zaman keçdikcə təbii qəbul edilir.
"Corc Keylinin 1799-cu ildə müəyyən etdiyi aviasiya prinsiplərinin tətbiqinə çox gec başlanılıb. Nils Bolin “Volvo”da təhlükəsizlik kəmərini 1959-cu ildə icad etsə də, bu, ilk vaxtlarda ciddi qəbul edilmədi. İndi isə təhlükəsizlik kəmərlərinin istifadəsi demək olar ki, hər yerdə mütləqdir və normal qəbul edilir. Ölkənin innovasiyalara açıq olması və tüstüsüz məhsulların üstünlükləri haqqında məlumatlılıq böyük əhəmiyyət kəsb edə bilər. İnsanlar düzgün məlumatlandırıldıqda, doğru seçim edirlər”, - o bildirib.
Panel müzakirələri zamanı PMI-nin xarici əlaqələr üzrə baş vitse-prezidenti Xristos Harpantidis və şirkətin Avropa regionu üzrə prezidenti Massimo Andolina ölkələrin innovasiyalara açıq olmasının və tüstüsüz məhsulların üstünlükləri barədə ictimaiyyətin məlumatlandırılmasının önəmini qeyd ediblər.
Bu baxımdan İsveçin zərərin azaldılması üzrə uğurlu strategiyaların parlaq nümunəsi olduğu bildirilib. Keçmişdə İsveç kişilərinin 49 faizinin müntəzəm şəkildə siqaret çəkməsinə baxmayaraq, ölkə daha az riskli məhsullardan - snus, nikotin torbaları (ənənəvi tüstüsüz tütün) və elektron siqaret, qızdırılan tütün kimi digər tüstüsüz alternativlərdən istifadə etməyə imkan verməklə bu göstəricini xeyli azaltmağa nail olub. Alternativ tütün məmulatlarının daha yaxşı tənzimlənməsi sayəsində bu gün İsveçdə insanların yalnız 5,6 faizi siqaret çəkir.
Konfransda tüstüsüz məhsulların təkmilləşdirilməsinə böyük həcmdə investisiya qoyuluşunun vacibliyi diqqətə çatdırılıb. Xüsusilə ötən 10 il ərzində PMI-nin texnologiyaların inkişafı, elmi tədqiqatların aparılması və istehsala ümumi investisiyaları 12 milyard dolları keçib və bu rəqəm artmaqda davam edir.