Heydər Əliyevlə görüş, Prezident təqaüdü, taleyə təsir edən kitab və geri dönüş arzusu - HƏKİMLƏ SÖHBƏT

Heydər Əliyevlə görüş, Prezident təqaüdü, taleyə təsir edən kitab və geri dönüş arzusu - HƏKİMLƏ SÖHBƏT Yüksək bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olan və həmin il də Ulu Öndər Heydər Əliyevlə görüş imkanı qazanan Aysel Əkbərova hazırda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində həkim-oftalmoloq kimi çalışır. İlk Prezident
Sağlamlıq
9 Dekabr , 2023 13:47
Heydər Əliyevlə görüş, Prezident təqaüdü, taleyə təsir edən kitab və geri dönüş arzusu - HƏKİMLƏ SÖHBƏT

"Heydər Əliyev görüş zamanı mənə Akademik Zərifə Əliyevanın kitabını hədiyyə etdi və məhz həmin kitabın mənim oftalmoloq olmağımda böyük rolu olub".

Bunu “Report”un əməkdaşı ilə söhbətində hazırda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində həkim-oftalmoloq kimi çalışan Aysel Əkbərova deyib.

Həmsöhbətim ilk Prezident təqaüdçülərindəndir, yüksək balla Azərbaycan Tibb Universitetinə qəbul olub və həmin il də Ulu Öndər Heydər Əliyevlə görüş imkanı qazanıb.

2001-2002-ci tədris ilində Ümummilli Lider Heydər Əliyevin ali məktəbə daxil olan gənclərlə görüşünə dəvət alan Aysel Əkbərova həmin tarixi günü belə xatırlayır:

“2001-ci ilin sentyabr ayının 3-də Prezident Aparatının akt zalında Heydər Əliyevin yüksək bal toplayan tələbələrlə görüşünün olacağı ilə bağlı dəvət gəlmişdi. Halbuki nə Prezident təqaüdünün təsis olunmasını, nə də Heydər Əliyevin bizimlə görüşünü gözləyirdik.

Səhnəyə çıxacaq ilk beşlikdə işğal altındakı ərazilərdən olan tələbələr vardı. Xankəndidən olduğumdan siyahıda ikinci mən - 668,5 balla Azərbaycan Tibb Universitetinə qəbul olan Əkbərova Aysel Təyyar qızı kimi qeyd olunmuşdum. Hələ də həmin günü xatırlayanda məni həyəcan basır. Heydər Əliyevlə görüşmək üçün səhnəyə çıxdım. Həmin vaxt həyəcan, sevinc və qürur hisslərim bir-birinə qarışmışdı.

Ulu Öndər digər tələbələrlə görüşdü, üzlərindən öpdü, amma mən həyəcandan yaxınlaşa bilmədim, sadəcə əllə görüşdüm və üzünə baxırdım. Mənə Zərifə xanım Əliyevanın kitabını hədiyyə etdi. Mənim oftalmoloq olmağımda həqiqətən də o kitabın böyük rolu olub. Zərifə Əliyevanın elmi işləri və oftalmologiya sahəsi mənə çox maraqlı gəlib”.

Müsahibim əlavə edir ki, evlərinin arxa eyvanından Milli Oftalmologiya Mərkəzinin ərazisi görünürdü: “Həmin vaxt mərkəzin yalnız təməli qoyulmuşdu. Bura baxa-baxa böyümüşük, həmişə də istəmişəm ki, oftalmoloq olum və burada işləyim. Nəhayət, arzuma çatdım. Hətta akademik Əhliman Əmiraslanov o vaxt ilk növbədə əlaçıları çağırıb deyirdi ki, hansı ixtisası istəyirsən seç. Mən də məhz oftalmologiyanı seçdim. Ali məktəbi də fərqlənmə diplomu ilə bitirmişəm. Məni Milli Oftalmologiya Mərkəzinə internaturaya göndərdilər. Burada bacarıqlarımı nümayiş etdirdim və gənclərə həmişə dəstək olan direktorumuz, professor Elmar Qasımov çalışqanlığımı gördü və işə qəbul etdi. Öz növbəmdə mənə olan etimadı hər zaman doğrultmağa çalışıram”.

Heydər Əliyev siyasəti və Azərbaycan səhiyyəsi...

A.Əkbərova vurğulayır ki, Ulu Öndər Heydər Əliyev hər zaman təhsil sahəsinə xüsusi diqqət yetirib: “Prezident olaraq işlərinin çox olmasına baxmayaraq, onun yüksək bal toplayan tələbələrlə şəxsən görüşməsi, Prezident təqaüdçülərinə xeyir-dua verməsi birbaşa təhsilə, gələcəyə göstərilən yüksək qayğının göstəricisidir. Prezident təqaüdçüsü olmağım həyatımda çox şeyi dəyişib. Bu ad üzərimizə böyük məsuliyyət qoymaqla yanaşı, daim adın gözləntisini doğrultmalı idik. Mütləq hər semestr əlaçı olmalıydıq ki, təqaüdü davamlı ala bilək. Tələbəlik illərinin sonuna qədər bunu qoruyub saxlaya bildim. Həm yüksək səviyyədə təhsil aldıq, həm ictimai, həm də sosial fəaliyyətimizdə Prezident təqaüdçüsü olmağı doğrultmağa çalışdıq. Gələcəkdə yaxşı kadr olmaq üçün çalışdıq və bu gün o ad hələ də bizim üstümüzdədir, bunun bəhrəsini də görürük.

Zərifə Əliyeva şəxsiyyəti, tibbdə fenomenallıq və Azərbaycan oftalmologiya elmi...

Aysel Əkbərova özünə örnək götürdüyü Akademik Zərifə Əliyevanın həyatını sırf oftalmologiyanın inkişafına, bu sahədə kadrların hazırlanmasına sərf etdiyini deyir:

“Onun elmi işinin biri görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasında az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi, digəri isə iridodiaqnostikaya həsr olunub. O, həmçinin zərərli sənaye müəssisələrində çalışan insanların oftalmoloji müayinədən keçmələrini təşkil edib, peşə ilə əlaqədar əmələ gələn göz xəstəliklərinin profilaktikasını və müalicəsini ön plana çəkib.

Akademik Zərifə Əliyeva gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli tibb işçilərinin, layiqli vətən övladlarının hazırlanmasında, həkim-oftalmoloqların ixtisaslarının ilbəil artırılmasında, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərib.

Onun barəsində hər zaman eşidib-oxuduqlarım onu deməyə əsas verir ki, Zərifə Əliyeva yüksək insani keyfiyyətlərə malik, çox sadəlövh, qayğıkeş ana və həkim olub. Akademik Z.Əliyeva Vətənini, xalqını, bütün insanları səmimi və sədaqətli bir məhəbbətlə sevib, peşəsinin, sənətinin vurğunu olub.

Zərifə xanımın bu sahədəki fəaliyyəti, mikroskop qarşısında və göz müayinəsindən şəkillərini gördükcə, rəhmətə gedəndən sonra böyük dünya şöhrətli oftalmoloqların onun haqqında xatirələri oxuduqca oftalmologiya sahəsi üzrə daha da məlumatlı oldum. Göz nurunun çox vacib şey olduğunu və onunla bağlı kitabı oxuyarkən "bu sahədə olmalıyam" qərarını verdim. Mənim sırf uşaq oftalmoloqu üzrə çalışmağıma isə hazırda işlədiyim mərkəzin rəhbəri səbəb olub, o istiqamət verib. Çünki bu sahədə çatışmazlıqlar vardı”.

Mərkəzdə uşaq oftalmoloqu kimi fəaliyyət göstərən mütəxəssis qeyd edir ki, Azərbaycanda uşaqlar arasında daha çox rast gəlinən və hələ də həllini tapmayan xəstəlik ROP-dur (vaxtından əvvəl doğulmuşların retinopatiyası).

Həkimin sözlərinə görə, bu xəstəlik vaxtında aşkarlanmadıqda korluq yaradır: “2014-cü ildə həyəcan təbili çalaraq bir çox doğum evlərinə, neonatal mərkəzlərə müraciət etdik ki, vaxtından əvvəl doğulan uşaqların zaman itirmədən göz müayinəsi təşkil olunsun. Çünki həmin kateqoriyaya aid yenidoğulmuşlar doğuşdan 4 həftə sonra müayinə olunmalıdır. Həmin müddətdə müayinə olmayıbsa və xəstəlik varsa, onda həmin uşaq kor olur. Bu korluğun da qarşısının alınmasının yeganə üsulu vaxtında müalicədir. Bu işin təşkilində ciddi problemlər var. Bakıda bu sahədə fəaliyyət göstərən müəyyən xəstəxanalara gedərək bu istiqamətdə müəyyən işlər görmüşük. Bölgələrdə bir neçə perinatal mərkəz var. Amma həmin tibb müəssisələrinin çoxunda oftalmoloq ştatı yoxdur.

Kiminsə bəxti gətirir, övladında gözlə əlaqəli xəstəlik olmur. Şansı gətirməyən uşaqlar isə 4-5 aylığında yanımıza gələndə məlum olur ki, görmür. Yenidoğulanı doğum həftəsinə görə 4 həftədən 2 həftə aralığına (28-34 həftə) qədər göz müayinəsindən keçirmək mütləqdir.

Retinopatiya simmetrik xəstəlikdir, iki gözdə yaranır. Nadir halda bir göz öz-özünə sağalır, o biri göz kor olur. Təəssüf ki, müalicəsi yoxdur. Bəzi uşaqları heç olmasa işıq hissiyyatı olsun deyə müalicə edirik. Misal olaraq, ən azı 1 % belə görməsi ehtimalı var, yəni gözünün qabağında əl hərəkətini çox çətinliklə təyin etmə kimi görmədir. Bununla bağlı yaxınlarda elmi iş müdafiə etmişik və nəticəyə əsasən (2015 -2020-ci illər) deyə bilərəm ki, Azərbaycanda vaxtından əvvəl doğulmuşların təxminən 35 %-də bu xəstəlik var. Adətən müəyyən qismini müalicə edirik, çünki xəstəlik əsasən öz-özünə geriyə gedir. Lakin müalicə olunmayan körpələr 7,5 % halda kor olub. Araşdırmalar onu göstərir ki, həmin uşaqların korluğu ilkin müayinədə aşkarlanıb.

Çəpgözlük barədə də danışan həkim-oftalmoloq vurğulayıb ki, əgər əzələlərdə parez, iflic, yəni sinirlə bağlı problemlər yoxdursa, sağalma dərəcəsi çox yüksəkdir: “Ya eynəklə müalicə edirik, ya da eynəklə müalicə olunmayan çəpgözlüyü əməliyyatla düzəldirik. Çəpgözlüyün yaranma səbəbləri müxtəlifdir. Bura görmə zəifliyi, əzələ boşluğu (əzələlərin gücü gözü mərkəzdə saxlamağa kifayət etmir), katarakta yaranması və s. aiddir.

Digər qazanılmış çəpgözlüklərə isə ilk beş yaşa qədər rast gəlinə bilər. Müalicənin müddəti xəstəliyin özündən asılıdır. Çəpgözlük nə qədər tez müalicə olunsa, nəticə bir o qədər effektiv olur. Müalicə müddəti nə qədər geciksə, beyinin iki gözü eyni vaxtda işlətmə qabiliyyəti bir o qədər zəifləyir”.

Həkimə getmədən aptek əməkdaşının eynək tövsiyəsinin doğru olub-olmadığına aydınlıq gətirən müsahibim bildirib ki, əgər aptekdəki əməkdaş oftalmoloqdursa, ola bilər:

“Amma uşaqların müayinəsi tamamilə fərqlidir. Azyaşlıların müayinəsini birmənalı olaraq uşaq oftalmoloqu aparmalıdır. Böyüklərin oftalmoloqu uşaq inkişafını nəzərə almır. Bəlkə də öz üzərində işləyib müəyyən məqamları bilir, amma pediatrik oftalmoloq uşağı mütləq ətraflı yoxlayır, görmə itiliyini, göz nömrələrini xüsusi avadanlıqlarla təyin edir. Bütün bunların optika şəraitində aparılması mümkün deyil. Optika şəraitində gözə damcıların tökülməsi qəti qadağandır, bunu həkim klinika şəraitində etməlidir. Əks halda, aparılan müayinə keyfiyyətsiz olur, yaxud düzgün aparılmır.

Hazırda uzaqgörmənin pozulmasının profilaktikasında alimlər araşdırıblar ki, iki saat açıq havada uzaq məsafəyə baxmaqla bu problemin hardasa qarşısını almaq olar. Uzaqgörmənin pozulmasının yaranmasında əsas səbəb uşaqların qapalı mühitdə və çox yaxın məsafələrdə işləmələridir. Ya uşaqlar bütün günü dərs oxuyurlar, qısa məsafəyə baxırlar, dərs oxumayanda telefona baxırlar. Ən yaxşı halda isə evin içində gəzirlər. Evin uzunluğu da maksimum 3-4 metr ola bilər.

Göz zəifliyində söhbət sırf optik qüsurlardan, yəni eynək məsələsindən gedirsə, burada qidalanmanın təsiri yoxdur. Burada əsas genetik əsasları var. Misal olaraq, bir ailədə valideynlər zəifliklə əlaqəli eynəkdən istifadə edirsə, övladlarında gözlə bağlı qüsurların yaranma riski daha çoxdur. Açıqgözlü insanların gözlə əlaqəli xəstəlikdə hər hansı təsiri olması ilə bağlı elmi araşdırma nəticəsi yoxdur.

Çox valideyn övladının dünyaya gəlməsindən sonra nə zaman göz müayinəsindən keçməsi ilə maraqlanır. Körpə əgər vaxtında dünyaya gəlibsə, iki ay ərzində görmə formalaşır. Yəni iki aya qədər körpədən görmə gözlənilməsin. Yaxşı olardı ki, ölkədə yenidoğulmuşlarda görmə skrininqi aparılsın. Rutin olaraq bu müayinələr aparılsa, yəqin ki, kor uşaq olmaz.

Elmi araşdırmalarda qidalanma, eləcə də göz xəstəliklərinin qarşısının alınması, yaxud göz xəstələrinə təyin olunması yoxdur. Amma şirin qidalar gözlə bağlı xəstəliklərin yaranma səbəblərindən biridir. Kök suyu, yumurta, balıq yağı içəcəyəm və hər şey yaxşı olacaq deyə bir şey yoxdur”.

Azərbaycanda tibb xidməti: keçmiş, bu gün və gələcək üçün potensial...

O qeyd edir ki, bu gün həm Bakıda, həm də regionlarda böyük diaqnostik mərkəzlər fəaliyyət göstərir və həmin müəssisələr kifayət qədər avadanlıqlarla təmin olunub: “Vaxtilə paytaxtda poliklinikalarda göz həkimləri xəstələri müayinə etmək üçün cihaz tapmırdı. Amma bu gün poliklinikalarda müasir avadanlıqlar var. Stasionar şəraitdə müalicə üçün bütün şərait yaradılıb. Hər gün yeni tibb müəssisələri açılır.

10 il əvvəlki vaxtla indiki dövrü müqayisə etsək, həm xidmət, həm kadrların yetişməsi, eləcə də tibb təhsili alanların dövlət hesabına xaricə göndərilməsinin şahidi olarıq. Hesab edirəm ki, Səhiyyə və tibb sahəsində dövlət siyasətinin əsasını vətəndaş məmnuniyyəti və sağlam gələcək təşkil edir. Xəstəliklərin vaxtında aşkarlanması, düzgün diaqnostika və müalicə mühüm şərtdir. Buynuz qişanın köçürülməsi oftalmologiyada əsas nailiyyətlərdən biridir.

Bir çox xarici ölkələrdə kurslarda iştirak etdiyini deyən həkim-oftalmoloq vətənpərvər olduğundan heç vaxt Azərbaycanı tərk etməyəcəyini əlavə edir: “Həm də ailəmə çox bağlıyam. 44 günlük Vətən müharibəsindən sonra əmin idik ki, torpaqlarımız tam azad olunacaq. Xankəndinin də alınması bizim ailədə sözlə ifadə olunmayacaq sevinclə qarşılandı. Oradakı evimizi görmək ümidi ilə yaşayırıq. Göz həkimi olaraq Xankəndidə böyük məmnuniyyətlə xidmət göstərərəm, buna heç vaxt yox demərəm. Orada müəllim və həkimlər üçün inşa olunan 5 mərtəbəli binada yaşayırdıq. Həmin binanın qarşı tərəfi Şuşanın dağlarına baxırdı. Atam Xankəndi Pedaqoji İnstitutunda müəllim idi. Ailəliklə doğma evimizə qayıtmağı səbrsizliklə gözləyirik”.

Yazı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının “Bir ömür xidmətinizdə...” mövzusundakı birgə müsabiqəsinə təqdim edilir.

Son xəbərlər

Orphus sistemi