“Sadəcə 2018-ci ildə dünyada 2 milyon 300 min qadına südvəzi xərçəngi diaqnozu qoyulub və 627 min qadın bu səbəbdən vəfat edib”.
“Report” xəbər verir ki, bunu "Liv Bona Dea Hospital"ının uzman həkimi Ceyhun İsayev “Türk-Azərbaycan qardaşlığının 360 dərəcə dəyərləndirilməsi” tədbirində çıxışı zamanı deyib.
Həkim bildirib ki, biz savaşdan danışıb, ondan qorxuruq, amma süd vəzi xərçəngi daha çox insanın həyatına son qoyur:
“Məsələn, Suriyadakı 11 illik savaş 610 min nəfərin həyatına son qoyub. Xərçəngin digər növləri bir kənara, təkcə süd vəzi xərçəngi bir il ərzində 627 min qadının həyatına son qoyub. Bizim əsas məqsədimiz bunun qarşısını almaqdır. Süd vəzi xərçəngi tamamilə sağalan xəstəlikdir. Lakin bunun üçün əsas şərt erkən diaqnozdur”.
C.İsayev vurğulayıb ki, 10 il əvvəl əməliyyat etdiyi xəstənin səhhətində hazırda heç bir problem yoxdur: “Səbəb isə erkən diaqnozdur. Radiologiya sahəsinin inkişaf etməsi ilə süd vəzi xərçəngindən ölüm saylarında ciddi şəkildə azalma var. Hazırda Amerika və Avropada statistikaya baxanda süd vəzi xərçənginə daha çox rast gəlindiyini görürük, lakin ölüm faizi daha aşağıdır. Bunun da səbəbi cəmiyyətin erkən diaqnozla bağlı maariflənmiş olmasıdır. Ona görə də bu ölkələrdəki xəstələrin xərçəngdən sağalma şansları daha çoxdur”.