Klinika direktoru: "Həkim kiminsə dərman biznesinin quluna çevrilməməlidir" - MÜSAHİBƏ

Klinika direktoru: "Həkim kiminsə dərman biznesinin quluna çevrilməməlidir" - MÜSAHİBƏ "Bir çoxları son zamanlar Azərbaycanda uşaq ölümlərinin artdığını desələr də, reallıqda bunun əksi müşahidə olunur"
Sağlamlıq
3 İyun , 2015 17:08
Klinika direktoru: Həkim kiminsə dərman biznesinin quluna çevrilməməlidir - MÜSAHİBƏ

Bakı. 3 iyun. REPORT.AZ/ Azərbaycan Tibb Universiteti Tədris Terapevtik Klinikasının direktoru, I uşaq xəstəlikləri kafedrasının professoru, əməkdar elm xadimi Surxay Musayevun "Report"a müsahibəsi:

- Klinikanın fəaliyyətə başladığı 2010-cu ildən bu günə kimi hansı uğurlara nail olunub?

- Azərbaycan üçün universitet klinikalarının yaradılması yenilikdir. Misal olaraq, Avropa ölkələrinin elə klinikaları var ki, onlar 100 ildən artıqdır fəaliyyət göstərirlər. Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə 2000-ci ildən etibarən ölkədə universitet klinikasının yaradılmasına başlanıldı. Əvvəl universitetin stomatoloji klinikası yaradıldı, 2006-cı ildə onkoloji klinika açıldı. Prezident İlham Əliyevin 11 sentyabr 2007-ci il sərəncamı ilə bizim Tədris Terapevtik Klinikasının tikintisinə başlanıldı. Klinikanın indiki binasının yerində universitetin qazanxanası yerləşirdi və digər çoxsaylı xətlər keçirdi. Bir həftənin içərisində bütün məsələlər həllini tapdı. Rektor da başda olmaqla, bu bir həftəni hər gün, az qala obrazlı desək, 72 saat işləyirdik. 2007-ci il sentyabr ayının 18-də Prezident İlham Əliyevin iştirakı ilə klininkanın təməlqoyma mərasimi keçirildi və 3 il sonra 2010-cu ilin oktyabrında Prezident xanımı Mehriban Əliyeva ilə birlikdə klinikamızın açılışını etdi. 2011-ci ildən etibarən xəstələrə tibbi yardımın göstərilməsinə başladıq. 

Klinika təməl qatı nəzərə alınmaqla 15 mərtəbəlidir. Burada terapiyanın, pediatriyanın, nevrologiyanın bütün sahələrinə aid xəstəliklərdən əziyyət çəkən şəxslər müalicə olunur. 6 şöbə terapevtik profillidir. Burada hematologiya, pulmonologiya, kardiologiya, endokrinologiya, qastroenterologiya, revmatologiya, nevrologiya profilli xəstələr müalicə olunur. Digər 3 şöbə ancaq xəstə uşaqlara xidmət göstərir. Birinci mərtəbə 25 çarpayıdan ibarət reanimasiya və intensiv terapiya şöbəsidir. Həmin mərtəbədə həm də dializ şöbəsi yerləşir. Digər mərtəbələrdən biri diaqnostik poliklinika şöbəsidir. Burada hər gün təxminən 300-350 xəstəni qəbul etmək və onlara məsləhət vermək iqtidarındayıq. Yerdə qalan digər mərtəbələr isə diaqnostik şöbələrdir. Orada dünyanın ən son texnologiyası hesab olunan, ABŞ, Almaniya, Yaponiya, Türkiyə, Cənubi Koreyanın aparıcı şirkətlərinin istehsalı olan tibbi avadanlıqlar yerləşdirilib. Hazırda xaricdə olan elə bir müalicə və diaqnostika üsulu yoxdur ki, bizim klinikada icra olunmasın. Klinikada tədris prosesi 16 kafedrada həyata keçirilir, 300-dən artıq yüksək ixtisaslı həkim, o cümlədən 20-dən çox tibb elmləri doktoru, professor, 150-yə yaxın tibb üzrə fəlsəfə doktoru, 9 əməkdar elm xadimi, 20-ə yaxın əməkdar həkim xəstələrin müalicəsi ilə məşğul olur. Bundan başqa, xaricə əlavə təcrübə keçməyə, uzmanlığa və ya rezidenturaya göndərdiyimiz məzunlarımızı da klinikaya cəlb etməyə üstünlük veririk.

- Yayın gəlişi ilə əlaqədar uşaqlar arasında adətən nə kimi xəstəliklər müşahidə olunur?

- Yay fəslində bizi narahat edən ən ciddi məsələ mədə-bağırsaq sisteminin pozğunluqları, infeksion və qeyri-infeksion xəstəlikləridir. Qeyd edim ki, yay vaxtı istər uşaqlar, istərsə də böyüklər arasında müşahidə olunan bu xəstəliklərin əksəriyyəti istifadə olunan qida məhsullarının keyfiyyəti və qidalanma mədəniyyətimizlə bağlıdır. Etiraf etmək lazımdır ki, əhalinin böyük qisminin içərisində bu təbliğat aparılsa da, qidalanma mədəniyyətimiz demək olar ki, hələ də aşağıdır. Yay aylarında hər dəfə şəhərin müxtəlif küçələrində yağı axan kolbasalar, sosiskalar, günün altında satılan balıq məhsullarını görəndə bir həkim və vətəndaş kimi ürəyim ağrıyır ki, yəni bunları alan varmı? Bəzi yerlərdən nəinki ət almaq, qaralıb qurumuş, keyfiyyətini itirdiyi aydın görünən bu məhsullara baxmaq belə insanda təşviş oyadır. Görəndə ki, gəlib həmin məhsulları alıb aparırlar, təbii, həm özləri, həm də uşaqları yeyirlər, o zaman dəhşətə gəlirəm. Günün altında asılan ət məhsullarını özünə və uşağına yedizdirməyin zərərli və təhlükəli olduğunu dərk etmək üçün ali təhsil və ya hər hansı bir elmi dərəcə almağa ehtiyac yoxdur. 

Eyni fikirləri çörək bişirməyə də aid etmək olar. Görün nə qədər natəmiz, çirkli, yararsız yerlərdə təndir çörəkləri bişirilib satılır. Dönərxanalara baxın, nə vəziyyətdədirlər? Hətta bəzilərinin yanından keçmək mümkün deyil. Çünki manqalın qarşısındakı dönər əti bəzən tam satılana qədər bir neçə gün təkrar istifadə olunur ki, bu da patogen mikroorqanizmlərin inkişafı üçün əlverişli şərait yaratdığına görə qətiyyən yolverilməzdir.

Bundan başqa, dəfələrlə xəbərdarlıq olunub ki, keyfiyyətsiz şirələri, qazlı, qazsız içkiləri almağa çox meyl etməyin. Günün altında qalan içkiləri uşaqlara verirlər, qısa zamandan sonra uşaqlarda mədə-bağırsaq sisteminin kəskin pozulması halları başlayır. Bəzən həmin şirələrin içərisində hətta bağırsaq çöpləri aşkar olunur. Yaxud da bazardan alınan qida məhsulları, tərəvəzlər yaxşı yuyulmadan istifadə olunur və bu da yenə mədə-bağırsaq xəstəliklərinə yoluxmağa gətirib çıxarır. Un və un məhsulları vaxtı keçmiş satılır. Valideynlər də bunu alıb evə gətirirlər, bu da xəstəliyə səbəb olacaq amillərdən biridir. Ona görə də yay vaxtlarında ən çox narahat olduğumuz məqam qidalanma ilə əlaqədar həzm pozuntularıdır. İlk növbədə qidalanma mədəniyyətimizi yüksəltməliyik.

Yayda müşahidə olunan xəstəliklərin bir qismi çimərliklərdən düzgün istifadə etməməklə bağlıdır. Valideynlər əksər vaxtlarda uşaqları ilə çimərliklərə gedirlər. Hətta dəfələrlə televiziya vasitəsilə xəbərdarlıq edilir ki, filan çimərlikdə dəniz suyunda bağırsaq çöpləri aşkar olunub. Lakin yenə də görürsən ki, çimərliklər uşaqla doludur. Bir müddətdən sonra günvurma halları çox olacaq. Dəfələrlə deyilir ki, ultrabənövşəyi şüaların çox olduğu zamanlarda, yəni səhər saat 11.00-a qədər, bir də axşam tərəfi saat 17.00-dan sonra çimərlikdə istirahət etmək olar, o da gərək həmin vaxtda başlarını birbaşa günəş təsirindən qorusunlar. Hətta bu da hər kəsə olmaz. Belə ki, ürək-qan damar xəstəliklərindən, eləcə də dəri xəstəliklərindən əziyyət çəkən insanlara günəş altında olmaq məsləhət görülmür. Hərdən görürsən ki, insanların əksəriyyəti səhərdən axşama qədər dəniz kənarında uşaqlarını çimərlik geyimində günün altında gəzdirirlər. Bu zaman təbii ki, günvurmalar baş verir. Bundan başqa, bədəndə müxtəlif yanıqlar əmələ gəlir. Böyüklər saatlarla günün altında ən pik vaxtlarda gəzir və yaxud uzanırlar. Bu da müəyyən müddətdən sonra onlarda dəri xərçənginin əmələ gəlməsinə zəmin yaradır. Maraqlısı odur ki, həkimlər dəfələrlə bununla bağlı insanları xəbərdar edir, amma əhəmiyyət verən yoxdur. 

Bundan əlavə, isti havalarda kondisionerlərin qoşulması da ciddi problemlərdəndir. Hətta uşaqları da həmin şəraitdə saxlayırlar. İnsanlar gah isti havaya çıxırlar, gah da yenidən soyudulan otağa qayıdırlar. Bu da uşaqlarda sətəlcəmə, pnevmoniyalara gətirib çıxarır. Çünki kondisionerlərin altında saatlarla oturmaq ziyandır. Yaxud da ailələr var ki, gecəni səhərə qədər belə otaqda yatırlar. Belə hallarda adətən səhəri gün uşaqlarda hərarət yüksəlir və ağır pnevmoniya ilə xəstəxanaya müraciət edirlər.

- Son zamanlar bəzi xəstəliklərdə "cavanlaşma" prosesi gedir. Bunun səbəbi nədir?

- Təəssüf ki, bəzi ağır xəstəliklər bu gün cavanlaşmağa doğru gedir. Bu, onkoloji, qan və ürək-qan damar xəstəliklərinə aiddir. Bu da tək Azərbaycanda deyil, eləcə də qloballaşan bütün dünyada belədir. Misal olaraq, bizdə elə gənc insanlar var ki, çox erkən yaşlarında onlarda hipertoniya (qan təzyiqinin yüksək olması) xəstəliyi olur. Lakin əvvəllər belə deyildi. Hazırda cavanlar arasında ürək-qan damar, sinir, autoimmun xəstəliklərinin sayı getdikcə artır. Bu da bütün həkimləri çox ciddi narahat edir. Görünən odur ki, burada əsas amil özümüzün korladığımız ekologiyadır. Şəhərdə bu gün nəqliyyatın sayı kifayət qədər artıb. Bununla da havaya görün nə qədər zəhərli qazlar buraxılır?! Düzdür, son illər ölkəyə Avropa istehsalı olan avtomobillər daha çox gətirilir. Lakin buna baxmayaraq, maşın sayı həddindən artıq çoxdur. Bundan başqa, dəniz suyumuz və atmosfer də çirklidir. Bəzən bu məsələlərə elə də ciddi fikir vermirik. Ancaq bilməliyik ki, bəzi xəstəliklərin cavanlaşmasında ekoloji amillərin rolu böyükdür.

Yaxud da indiki iş otaqlarında texniki vasitələr çoxdur. Bu da istər-istəməz şüalanmaya səbəb olur. Bununla yanaşı, təəssüf ki, indiki zamanda insanların fəallığı çox azdır. Hətta demək olar ki, yoxdur. Son zamanlar insanlar artıq bunu başa düşməyə başlayıblar. Bir neçə il bundan əvvəl piyada gəzən insanların sayı az idi. İndi isə onların sayı artır. Təbii ki, bu, sevindirici haldır. Lakin buna baxmayaraq, hipodinamiya (az hərəkətli həyat tərzi) insanları məhv edir. İşdə, evdə bütün günü oturaqlı vəziyyətdə oluruq. Yaxud da yemək yedikdən sonra gəzmək əvəzinə, uzanıb "istirahət" etməyi üstün tuturuq. Orqanizm aldığı kalorini xərcləyə bilməlidir. Bu isə oturaq vəziyyətdə çətin olur. Bu da müxtəlif xəstəliklərə səbəb olur.

- Ürək-qan damar xəstəliklərinin yayılması daha çox hansı mövsümdə müşahidə olunur?

- Ürək-qan damar xəstəliklərinin yayılmasını mövsümlə əlaqələndirmək düzgün olmazdı. Çünki bu xəstəliklərin səbəbi və inkişaf mexanizmi çoxşaxəli və mürəkkəbdir. Mövsümi amillər təkanverici təsirlər kimi qiymətləndirilə bilər. Yay aylarında günəşdə radiasiyanın artmasına görə xəstəliklərin fəallaşması daha çox müşahidə olunur. Qış mövsümündə isə müxtəlif infeksion xəstəliklərin yayılması təbii ki, birbaşa ürəyə mənfi təsir göstərən amillərdəndir.

- Məktəblərdə müəllimlər də şagirdlərin parta arxasında düzgün oturmasına elə də fikir vermirlər. Bu, gələcəkdə ciddi fəsadlara səbəb ola bilərmi?

- Hazırda Təhsil Nazirliyi bəzi problemləri həll etməyə çalışır. Əsas problemlərdən biri şagirdlərin daşıdıqları kitab-dəftərlə dolu məktəbli çantalarının həddindən artıq ağır olmasıdır. Axı, uşaq orqanizmi hələ inkişaf etməkdədir, sümükləri və qığırdaqları hələ tam formalaşmayıb. Uşaqları niyə bu qədər çox yükləməliyik? Bəzən onların məktəb çantaları az qala 7-8 kiloya yaxın olur. Danılmaz faktdır ki, uşaqlar arasında onurğa sütununun müxtəlif patoloji əyrilikləri olanların sayı çoxalır. Bunun əsas səbəbləri də ağır çantaların götürülməsi və sinifdə, evdə bükülərək oturmaqdır.

Uşaqların sağlamlıqlarını bu gün təhsil adı altında pozuruqsa, onlar gələcəkdə cəmiyyət üçün necə yararlı biri ola bilərlər? Bundan başqa, uşaqların təhsil proqramı da ağırdır. Nəzər yetirsək, görərik ki, son illər ərzində nevroloji xəstəliklərin sayı nə qədər artıb. Hətta intihar halları da çoxalır. Təhsil müddətini artırmaq olar, amma gərək tədris proqramı da yüngülləşdirilsin. Buna görə də Təhsil Nazirliyinin qarşısında ciddi məsələlər durur. Ölkə başçısının səhiyyə sahəsi ilə bağlı qəbul etdiyi qərarların ən başlıcası məhz uşaqlarla əlaqədardır. Əsas məqsəd sağlam ruhda sağlam nəslin yetişməsinə şərait yaratmaqdır. Bunu da təbii ki, yerlərdə həyata keçirə bilərik. Bu istiqamətdə görülməsi lazım olan iş tək Səhiyyə Nazirliyinin üzərinə düşməməlidir. Digər aidiyyəti qurumlar da bu məsələdə həmrəylik nümayiş etdirməlidirlər.

- Son zamanlar valideynlər uşaqlarını peyvəndlərdən yayındırmağa təşəbbüs göstərirlər. Peyvəndlərdən ehtiyat etmək doğrudurmu?

- Peyvənd kabineti bizim klinikada da var. Bütün uşaq poliklinikalarında peyvəndlər edilir. Zamanında Azərbaycanda infeksiyaların sayı çox idi. Xatırlayırsınızsa, ulu öndər Heydər Əliyev xarici səfərlərə gedəndə mütləq xahiş edirdi ki, bizim ölkə üçün vaksinlər gətirilsin. Valideynlər bəzən həkimlərin və tibb işçilərinin məsləhətlərini kənara qoyub hansısa qonşunun dediklərinə qulaq asırlar. Həmin insanlar da valideynləri qorxudurlar ki, Azərbaycana gətirilən peyvəndlər guya keyfiyyətsiz preparatlardır. Peyvəndlər harada istehsal olunmağından asılı olmayaraq müəyyən standartları var. Peyvəndlər də həmin standartlara uyğun istehsal olunur. Həmin preparatlar da xüsusi şəraitdə saxlanılaraq ölkələrə çatdırılır. 

Təbii ki, hər uşağa da peyvənd etmək olmaz. İlk növbədə uşağın sağlamlıq vəziyyəti buna imkan verməlidir. Pediatrın, xüsusilə də immunoloqun rəyi olmalıdır. Uşaqda zökəm və ya qızdırma olursa, bir gün ərzində sağalırsa, onu həkimə gətirirlər. Həkim də təbii ki, bundan imtina edir. Əgər həkim uşaqda olan xəstəliklərdən xəbəri olmadan onu peyvənd edirsə, bunu da çox pis qarşılayıram, çünki həkim yalnız uşağın sağlamlıq vəziyyətini qiymətləndirdikdən sonra peyvənd etməlidir. Əks təqdirdə, uşaqda hərarət yüksəlir və allergik reaksiyalar baş verir ki, həkim də bunun səbəbini araşdırmaqda çətinlik çəkir. Ona görə də peyvəndlə bağlı kütləvi təbliğat işləri ilə məşğul olmaq lazımdır. Peyvəndin əks göstərişləri var ki, bunlar da mütləq və nisbi göstərişlərdir. Yəni nisbi əks göstəriş odur ki, bu gün uşağın sağlamlığı peyvəndin vurulmasına imkan vermirsə, bunu 1 aydan sonra da etmək olar. Digəri isə mütləq əks göstərişdir ki, bu zaman qüsurlu olan uşaqlara heç vaxt peyvənd etmək olmaz. Çünki bu onların həyatı üçün təhlükədir. Digər hallarda isə bütün uşaqlar peyvənd olunmalıdır. İndiki zamanda dünyada infeksiyaların yayıldığı bir vaxtda çox vacibdir.

- Pediatrlar çox zaman şikayət edir ki, valideynlər həkimə müraciət etmək əvəzinə, televiziyalarda reklam olunan dərman preparatlarından istifadəyə üstünlük verirlər...

- Bütövlükdə dərmanın televiziyada, qəzetdə, qeyri-tibbi jurnallarda və mediada reklam və təbliğatının ciddi əleyhinəyəm. Çünki dərmanı mütləq həkim təyin etməlidir. Dərmanı qonşunun tövsiyəsi ilə qəbul etməzlər. Hər yüksək hərarətə qarşı antibiotik vurmazlar, hər ağrı zamanı əl altında olan ağrikəsici verməzlər. Çünki hər yüksək hərarətin, ağrının öz səbəbi var. Televiziya həkim deyil, sadəcə, informasiya vasitəsidir.

- Surxay müəllim, bəzən həkimlər müəyyən dərman firmaları ilə çalışırlar. Bu məsələyə münasibətiniz necədir?

- Bəli, belə faktlar var və Səhiyyə Nazirliyi də bununla ciddi mübarizə aparır. Təbii ki, bu kimi hallar olmamalıdır. Həkim biznesmen deyil. Həkim kiminsə dərman biznesinin quluna çevrilməməlidir. Klinikamızda bu kimi halların baş verməməsi üçün hər zaman mübarizə aparırıq. Çünki hərdən olur ki, hansısa dərman şirkəti öz dərmanının adını xalatın yaxasına yazdırıb həkimə “hədiyyə” edir. Həkim isə bunun mahiyyətinə varmadan həmin şirkətin canlı reklam obyektinə çevrilir. Hesab edirəm ki, bu, həkimə hörmət yox, ona qarşı təhqirdir. Özünə və peşəsinə hörmət edən həkim buna yol verməməlidir.

- Valideynlərin əksəriyyəti elektron termometrə üstünük verirlər. Bu cür termometrlərin əvvəlkindən nə kimi fərqi var?

- Prinsipcə, daha dəqiq ölçünü göstərən civəli termometrlərdir. Yəni bu zaman heç bir standartlar pozulmur. Məsələn, qaz təzyiqinin ölçülməsində istifadə olunan elektron cihazların batareyası bir müddətdən sonra gücünü itirmiş olacaq ki, bu da dəqiq nəticə verməyəcək. Eləcə də termometrlər, ona görə də civəli olanlardan istifadə etmək məqsədəuyğun olardı. Lakin həmin termometrləri uşaqların istifadəsindən uzaq tutmaq lazımdır. Çünki sınmış termometrlərdən tökülmüş civə buxarlanan maddə olduğundan bu məsələyə xüsusi diqqət etmək lazımdır. Hazırda bədən hərarətini məsafədən ölçən infraqırmızı termometrlərdən də geniş istifadə olunur.

- Son zamanlar uşaq ölümünün sayının artdığının şahidi oluruq. Hətta ölüm halları regionlarda daha çox yayılıb. Bunun əsas səbəbi nədir?

- Bir çoxları Azərbaycanda uşaq ölümlərinin artdığını desələr də, bunun əksi müşahidə olunur. 1992-1993-cü illəri götürsək, bütövlükdə dəhşət idi. Belə ki, hər 1000 diri doğulan uşaqdan 1 yaşınadək 28-30 uşaq ölürdü. Son illərdə isə bu göstərici 2 dəfədən çox azalıb. Lakin bu gün də uşaq ölümü problem olaraq qalmaqdadır. Sual ortaya çıxa bilər ki, niyə qalır və regionlarda niyə çoxdur. Çünki regionlarda yaşayan analar bəzən 9 aylıq hamiləlik dövründə həkimə bir dəfə də olsa müraciət etmirlər. Hamiləlik dövründə qonşudakı qoca qarının və ya ailədə çox uşağı olan qadının tövsiyələri ilə hərəkət edirlər. Belə olduğu təqdirdə də onların qanında olan viruslar, bakteriyalar, eləcə də səhhəti ilə bağlı vəziyyət demək olar ki, yoxlanılmır. Yalnız doğuşa yaxın xəstəxanaya gətirilir ki, bu da sonradan ciddi fəsadlara səbəb olur. Bədənində onlarla xəstəliyi olan qadın doğuş zamanı həkimləri çıxılmaz vəziyyətdə qoyur. Analar var ki, hamiləlik dövründə bir dəfə də olsun ultrasəs müayinəsindən keçməyiblər, qan analizi etməyiblər, onun özünün və uşağının sağlamlıq vəziyyəti bilinmir. Bundan başqa, regiondakı bəzi qadınlar ara mamaçalarının yanına qaçırlar. Ya da evdə doğuş edib özlərinə problem yaradırlar.

- Bu gün elə ginekoloqlar var ki, xəstəsini təbii doğuşla deyil, qeysəriyyə əməliyyatına sövq edirlər. Bu, nə dərəcədə düzgündür?

- Bu problemin mənim sahəmə və bizim klinikaya birbaşa aidiyyəti olmasa da, gündəmdədir. Bu gün Səhiyyə Nazirliyinin müvafiq strukturları da bu məsələ ilə ciddi mübarizə aparırlar. Birmənalı şəkildə qəbul etmək lazımdır ki, qadın uşağı təbii yolla dünyaya gətirməlidir. Doğuş prosesinin özü (intranatal dövr) uşağın formalaşmasında böyük rol oyanır. Qeysəriyyə əməliyyatı zamanı uşaq müəyyən inkişaf dövründən məhrum olur. Əvvəla, qeysəriyyə kəsiyinin özü bir travmadır. Qeysəriyyə əməliyyatı əvvəlcədən planlaşdırılmalıdır. Çünki həkimlər əvvəlcə müayinə zamanı müəyyən edirlər ki, ananın çanağı normal doğuşa imkan vermir, yaxud da döl həddindən artıq böyükdür. O zaman həkim heç bir möcüzə göstərə bilməz. Uşaq həmin çanaqdan heç zaman çıxa bilməz. Ona görə də bu əməliyyat mütləq əvvəlcədən planlaşdırılmalıdır. Təəssüf ki, bir çox hallarda bəzi analar öz istəkləri ilə bunu edir.

- Qanunvericiliyə dəyişiklik edilib və dərmanların qiymətini dövlət tənzimləyəcək. Sizcə, bu dərmanların uçuzlaşmasına səbəb olacaqmı? 

- Bu qərarın çox böyük əhəmiyyəti olacaq. Hətta deyərdim ki, bu, çoxdan lazım idi. Çünki hansısa dərmanı almaq üçün aptekə girdikdə qiymətlər digər aptekdəkindən kəskin şəkildə fərqlənir. Normal ölkələrin hamısında dərmanların qiymətləri tənzimlənir. Çünki bir dərmanın konkret qiyməti olmalıdır. Bir dərmanı almaq üçün bütün aptekləri gəzmək lazım deyil. Bu, əhalinin nəinki ucuz qiymətə dərman almasına, həmçinin keyfiyyətli dərman vasitələrinin ölkəyə gətirilməsinə şərait yaradacaq.

Son xəbərlər

Orphus sistemi