Gəncədə qida zəhərlənməsi ehtimal olunan hadisə nəzarətə götürülüb - YENİLƏNİB-2
- 22 aprel, 2025
- 10:29
Gəncədə beş nəfərin qidadan zəhərləndiyi ehtimal olunan hadisə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsi tərəfindən nəzarətə götürülüb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.
Bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri və müvafiq qurumların əməkdaşları araşdırmalara başlayıb.
Müxbir: Sevil Seymur
10:14
Gəncədə qidadan zəhərlənən 5 nəfərə mədə-bağırsaq pozğunluğu diaqnozu təyin edilib, pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə aprelin 22-si saat 07:30 radələrində 5 nəfər (4 qadın, 1 kişi) hospitalizasiya olunub.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Müxbir: Sevil Seymur
09:03
Gəncədə beş nəfər qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
"Report"un Qərb bürosunun məlumatına görə, bunlar E.Ramazanov (1992), Ş.Ramazanova (1994), R.Ramazanlı (2016), R.Ramazanlı (2017) və Z.Ramazanlıdır (2022).
Faktla bağlı araşdırma aparılır.