"Bu gün ürək-damar əməliyyatı üçün xarici ölkələrə üz tutan azərbaycanlıların da sayı kəskin şəkildə azalıb".
Bunu "Report"a müsahibəsində Azərbaycanın əməkdar həkimi, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, ürək-damar cərrahı, professor Kamran Musayev deyib.
Onun sözlərinə görə, səhiyyənin ən inkişaf etmiş sahələrindən biri kardiologiya və ürək-damar cərrahiyyəsidir: "2001-ci ildə müasir ürək-damar cərrahiyyəsi deyəndə ağıla ilk gələn Mərkəzi Klinik Xəstəxana idisə, bu gün təkcə Bakı şəhərində 15-ə yaxın mərkəzdə ürək-damar cərrahiyyəsi əməliyyatları icra olunur. Regionlarda da bu tip əməliyyatlar həyata keçirilir. Həmçinin, bu gün ürək-damar əməliyyatı üçün xarici ölkələrə üz tutan azərbaycanlıların da sayı kəskin şəkildə azalıb. Bu da onu göstərir ki, insanlar həkimlərə etibar edirlər. Hesab edirəm ki, icbari tibbi sığortanın hamı üçün əlçatan olması ilə xarici ölkələrə müraciət demək olar, aradan qalxacaq".
"Ötən 20 ildə Azərbaycanda müasir ürək-damar cərrahiyyəsi dünya standartları səviyyəsinə çatdırılıb. Bunu uzun illər bu sahədə çalışan biri kimi bütün məsuliyyətimlə deyirəm. Bu gün Azərbaycanda kardiologiya və ürək-damar cərrahiyyəsi dünya standartlarına cavab verir. Çox az sayda prosedur və ya əməliyyat var ki, bu və ya digər səbəbdən bizim ölkəmizdə icra olunmur, bizim növbəti hədəflərimiz də bunlardır, xüsusilə ürək transplantasiyası...",- o, qeyd edib.
Cərrah vurğulayıb ki, əslində, təqribən 10 il bundan əvvəl ölkədə ilk süni ürək cihazlarının köçürülməsinə başlamışıq və uğurla icra olunur: "Amma donordan alınan ürəyin köçürülməsi və ya transplantasiyası əməliyyatı bu günə qədər də ölkəmizdə icra olunmayıb. İnanıram ki, artıq bu əməliyyatı icra edəcək mərkəzlər və komandalar Azərbaycanda mövcuddur və yaxın illərdə bu əməliyyatın da uğurla icra olunacağını gözləyirik",
K.Musayevin geniş müsahibəsini buradan oxuya bilərsiniz.