“Xəstəmiz, 1998-ci il təvəllüdlü Məmmədova Təbəssüm Rövşən qızı 17 gün reanimasiyada yatıb. Əgər bizim dərdimiz pul idisə, həmin günlərdə elə onu dövlət xəstəxanalarından birinə yönləndirə bilərdik. Bizim bütün tibbi heyət xəstələrimizə canla-başla xidmət göstərir”.
“Report” xəbər verir ki, bunu Bona Dea Beynəlxalq Hospitalında keçirilən mətbuat konfransında Baş həkim Cabir Gülmalıyev deyib.
O, xəstənin vəfatı ilə bağlı ailəsinə başsağlığı verib:
“Biz hətta bəzi nüansları nəzərə alaraq anasının xəstəmizi ziyarətinə hər gün şərait yaratmışıq ki, xəstənin səhhətinin canlı şahidi olsun. Bəziləri iddia edirlər ki, guya xəstəmiz öldükdən sonra günlərlə morqda saxlanılıb və ailəsinə təhvil verilməyib. Bunlar hamısı yalandır və texniki baxımdan da mümkün deyil. Bizim bütün proseslərlə bağlı görüntülərimiz var. Xəstənin morqa aparılması, atasının morqa girişi və digər bütün qeydlər var. Bütün bunlar hamısı yayılan iddiaların əsassız olduğunu göstərir. İyunun 25-də xəstə vəfat etdikdən sonra bəzi prosedurlar var ki, onlar həyata keçirilməlidir. Sosial şəbəkələrdə yayılan videolar və məlumatlar biz cənazəni təhvil verdikdən sonra üzə çıxıb”, - baş həkim bildirib.
C.Gülmalıyev vurğulayıb ki, Bona Dea Beynəlxalq Hospitalına açılış olandan indiyədək 74 250 nəfər müraciət edib:
"5 000 əməliyyat olunub. Bizim xəstəxana peşəkar komandaya malikdir. Digər xəstəxanalarda müalicəsi çətin olunan xəstələr bizim xəstəxanaya göndərilir”.