K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun (OMD) baş həkimi Azər Əhmədovun “Report”a müsahibəsi:
- Hazırda uşaqlar arasında hansı növ virus infeksiyaları yayılıb?
- Hər il olduğu kimi, bu il də uşaqlar arasında mövsümi xəstəliklərin qeydə alınması müşahidə olunur. Əvvəlki illərlə müqayisədə ötən ilin noyabr ayından sanki xəstə sayında artım müşahidə edildi. Təbii ki, həmin xəstəliklərin hamısı da bildiyimiz virus infeksiyalarıdır. Bu da tənəffüs yolu infeksiyalarına səbəb olan virus və bakteriyalardır. İlk dövrlərdə uşaqlar arasında respirator sinsitial virus dediyimiz infeksiya çoxluq təşkil edirdi. Bunu daha sonra qrip kimi tanıdığımız “İnfluenza” virusu əvəzlədi. Daha sonra az sayda adenavirus, Epstein-Barr virusu (EBV) görsək də daha çox bakterial infeksiyaların A qrupundan olan Beta hemotilik streptokok dediyimiz boğaz infeksiyası yayıldı. Bu, 5 yaşdan yuxarı uşaqlarda daha təhlükəli fəsadlara yol aça bilir ki, bura ciddi revmatizm, ürək zəifliyi aiddir. Hazırda həmin infeksiyalara az-az da olsa rast gəlinir. Lakin yoluxma hallarının azalmasını müşahidə edirik. Bu da təbiidir. Çünki payız-qış mövsümünün bitməsinə yaxınlaşırıq.
- Uşaqlar arasında yayılan virus infeksiyalarının əsas əlamətləri nədir?
- Əsas simptomlar arasında hətta 7 günə qədər davam edən yüksək hərarət, boğaz ağrısı, öskürək, gözlərdə sulanma, dodaqlarda çatlama kimi özünü büruzə verir. Bəzi streptokok infeksiyalarının özünəməxsus spesifik dəri səpkiləri olur ki, bəzən bunu qızılca ilə qarışdırırlar. Halbuki hazırda uşaqların qızılca və ya suçiçəyinə yoluxmasında artım qeydə alınmayıb. Streptokok infeksiyasının diaqnozunu boğazdan götürülən yaxma nəticəsində bilmək mümkündür. Götürülən yaxmaların əksəriyyətində streptokok infeksiyası çıxdı. Bunun da müalicəsi çox asandır. Belə ki, pencilin qrupundan olan antibiotiklə 5-7 gün ərzində bu xəstəliyi müalicə etmək olar. Lakin antibiotik məsələsində də ehtiyatlı davranmaq lazımdır. Çünki antibiotik mütləq şəkildə həkim məsləhəti ilə təyin edilməlidir. Virus infeksiyalarında antibiotikin hər hansı bir təsiri yoxdur. Lazımsız yerə antibiotikin istifadəsi immun sistemini bir az da azaldır. Orqanizm artıq xəstəliyə qarşı müqavimətini itirmiş olur. Qızdırma iki-üç gündən artıq davam etsə, o zaman mütləq həkimə müraciət edilməlidir. Bizə daha çox yuxarı tənəffüs yollarının infeksiyası səbəbindən müraciətlər olurdu. Vəziyyəti ağırlaşan xəstələr olsa da, bu onların gecikmiş halda həkimə müraciət etməsinə görə idi. Onları da stasionar şəkildə müalicəyə cəlb etdik. Sevindirici haldır ki, bu günə qədər uşaqlar arasında adıçəkilən virus infeksiyalarından ölüm hadisəsi qeydə alınmayıb.
- Hazırda Pediatriya İnstitutunda virusla əlaqəli yatış göstəricisi necədir?
- Payız-qış mövsümünün sonuna yaxınlaşdığımızdan uşaqların xəstələnmə göstəricisi də azalmağa doğru gedir. Ümumiyyətlə, yuxarı tənəffüs yollarının infeksiyası xəstəxanada yatışa əsas vermir. Belə pasiyentlər adətən müayinədən keçirildikdən sonra müalicələrinin evdə davam etdirilməsi tövsiyə olunur. Hazırda tibb müəssisəsimizdə çox az sayda virus infeksiyalarından müalicə alan uşaqlar var. Bəzi xəstələr həkimə gec müraciət etdiyindən onlarda ağırlaşmalar olub. Yaxud yeni doğulmuş körpələrdə az da olsa bu kimi viruslara rast gəlinir. Onlar üçün də birbaşa yatış göstərişi olduğu üçün xəstəxanada müalicələri davam etdirilir.
- Evdə müalicə ilə bağlı valideynlərə hansı tövsiyələri verərdiniz?
- Bütün dünyada olduğu kimi Azərbaycanda da hələ COVID-19 pandemiyası davam edir. Bu müddətdə maarifləndirməyə üstünlük verildiyindən hər kəs virus infeksiyalarından necə qorunmaq lazım olduğunu bilmiş oldu. Virus infeksiyaları hava-damcı yolu ilə keçdiyindən ilk növbədə tibbi maskalardan istifadə etməli, gigiyenik qaydalara riayət edilməli, insanların kütləvi toplaşdığı yerdən uzaq durulmalıdır. Yenə də həmin qaydalara əməl etmək məsləhətdir. Çünki yoluxma forması eynidir. Əgər məktəbdə oxuyan şagird xəstədirsə dərsə getməməli, yaxud azyaşlıdırsa bağçaya aparılmamalıdır. Evdə xəstə uşaq varsa digər şəxslərlə ünsiyyəti minimuma endirilməlidir. Qızdırma salmaq üçün təbii üsullardan istifadə tövsiyə olunandır. Bura çoxlu maye qəbulu, yüksək kalorili qidalar, vitamin bolluğu səbəbindən meyvə-tərəvəz yeyilməsi aiddir.
Qeyd edim ki, ötən ilin dekabr ayının 15-dən etibarən TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində influenza virusuna (qrip) qarşı vaksinasiya aparılır. Səhiyyə Nazirliyinin aldığı vaksinlər Niderland istehsalıdır.
Xatırladaq ki, 2022-2023-cü il qış mövsümü üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa regionunda influenza epidemiyası elan olunub.