Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycanda onkoloji xəstələrin sayı artıb. "Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov qurumun ilin yekunlarına həsr olunan kollegiya iclasında deyib.
Onun sözlərinə görə, onkoloji xəstəliklərin aşkarlanması işinin yaxşılaşdırılması nəticəsində ilkin xəstələrin sayı 2014-cü ildə hər 100 min nəfərə 97-dən bu il 101-ə qalxıb.
Nazirlik rəsmisi onu da qeyd edib ki, dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı çərçivəsində 515 xəstənin dövlət tibb müəssisələrində müayinə və müalicəsi aparılır. Bütün xəstələr yüksək effektli dərman preparatları ilə pulsuz təmin olunurlar.
O, həmçinin əlavə edib ki, iyun ayının 1-dən nikaha daxil olmaq istəyən 82 minə yaxın insanın qan nümunəsi müayinə olunub: "Onların arasında 5 500 nəfər talassemiya daşıyıcısı, 53 nəfərdə QİCS, 320 nəfərdə sifilis xəstəliyi aşkar edilib. Müayinə olunanların arasında 40 cütlük aşkar edilib. Bunlara lazımi tibbi-genetik məsləhətlər və sonrakı müayinələr haqqında ətraflı məlumat verilib. Talassemiya daşıyıcısı olan evlənmiş cütlüklərdən birində, hamilə qadından Azərbaycanda ilk dəfə bətn daxili diaqnostika məqsədilə punktat götürülüb müayinəyə göndərilib".
G.Poladov qeyd edib ki, hazırda respublikada 1 480 hemofiliyalı xəstə qeydiyyatdadır.
"Son illər viruslu hepatitlərə yoluxmuş xəstələrin sayının artmasını nəzərə alaraq cari ildə viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə xüsusi komissiya” yaradılıb. Komissiyaya müraciət edən bütün xəstələr müayinə edilərək müvafiq təyinat alıblar. Hazırda 2 356 belə xəstə dövlət hesabına uzunmüddətli müalicə kursu alır. Səhiyyə Nazirliyi tərəfindən “2016-2020-ci illər üçün İİV və QİÇS-lə mübarizə üzrə yeni Tədbirlər Proqramı” hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub. Proqram xəstəliklə bağlı problemlərin köklü surətdə həlli məqsədilə geniş profilaktik tədbirlərin aparılmasına, xəstələrin davamlı müalicəsi üçün antiretrovirus preparatları, qulluq və dəstəklə təmin edilməsinə, laborator xidmətin müasir avadanlıq və reaktivlərlə təchizatına və bu sahə üçün kadrların hazırlanmasına yönəlib", - deyə nazirliyin şöbə müdiri əlavə edib.