''Hazırda Narkoloji Dispanserdə 32 min nəfər qeydiyyatdadır. Qeyri-rəsmi rəqəmlər isə dəfələrlə çoxdur''.
''Report'' xəbər verir ki, bunu Respublika Narkoloji Mərkəzin direktoru Araz Manuçəri jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, dispanserdə 300 qadın və 50 nəfərə yaxın yeniyetmə qeydiyyatdadır.
Direktor bildirib ki, narkotik istifadəçilərinin, əsasən, 50 faizi heroin, sintetik heroin (kakos), tiryəkdən istifadə edir: ''Son illərdə isə opioidlərdən istifadə edənlərin ümumi faizi azalıb. Anfetamin və metamfetamin istifadəçilərinin sayı isə çoxalmağa başlayıb. Narkotik istifadəçiləri iynələrdən çox dərman atmağa üstünlük verirlər. Son illərdə narkotikin təsiri ilə kobud psixi pozuntu hallarının sayı artıb. Bunun da səbəbi sintetik narkotik maddələrin istifadə edilməsidir''.
Mərkəz direktoru bildirib ki, bəzi məktəblərdə uşaqlar psixotrop dərmanlardan istifadə edirlər: "Psixotrop dərmanlar apteklərdə 3 möhürlü reseptlə xüsusi xəstələrə satılır. Amma müxtəlif səbəblərdən o dərmanlar qara bazara çıxıb. Məktəblilər də bu tipli psixotrop dərmanlardan istifadə edir. Qara bazarda hardansa gətirilib satılan metamfetamin dərman deyil, psixotrop maddədir. Bu dərmandan onkoloji, şəkər-diabet, epilepsiya və başqa ağır xəstəliklərdə istifadə edilir. Bu dərmanı başqa məqsədlə istifadə edəndə narkotik təsirini göstərir".
Direktor məktəblilərin energetik içkilərdən istifadəsinin zərərləri ilə bağlı məsələyə aydınlıq gətirib: ''Son aylarda məktəblərdə energetik içkilərdən çoxlu miqdarda istifadə edənlər var. Həftədə 1-2 dəfə istifadə ziyan törətmir. Energetik içkilərin fəsadları gələcəkdə bəlli olacaq. Amma bu içkilərin dolayı ziyanı daha təhlükəlidir. Orqanizm öyrəşir və gələcəkdə uşaqları aktivləşdirici maddələrə meyilləri artacaq. Bu içkiləri qəbul edən uşaqlar elə bilirlər ki, onlar daha aktiv və beyinləri daha yaxşı çalışır. Amma onlar bilməlidir ki, gündəlik 3-4 bankadan artıq qəbul edilirsə, bu, narkotik effekti verir''.