İran İslam Respublikasında müalicə olunduqdan sonra qayıdan Azərbaycan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü qadının səhhətindəki xroniki problemlər davam etdiyindən xəstəxanaya müraciət edib. Müayinələr zamanı onda ağır autoimmun xəstəlik olan qırmızı qurdeşənəyi (Sistemik Lupus Eritematozus), 4-cü sinif lupus nefriti və xroniki böyrək çatışmazlığının son mərhələsi olduğu müəyyən edilib.
"Report" xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin yanında operativ qərargah məlumat yayıb.
Ağır gedişli autoimmun xəstəlik fonunda xəstədə ciddi ağciyər zədələnməsi və buna bağlı tənəffüs çatışmazlığı, həmçinin yüksək dozalı steroid və kimyəvi dərman müalicəsi fonunda ciddi immun yetməzlik aşkar olunub.
Eyni zamanda həmin şəxsin koronavirus infeksiyasına yoluxduğu müəyyən olunub. Xəstə xüsusi rejimli xəstəxanaya yerləşdirilib, onun vəziyyəti nəzarətə götürülüb və intensiv müalicə tədbirlərinin həyata keçirilməsi davam etdirilib. Bütün səylərə baxmayaraq, həmin şəxsin ağır autoimmun xəstəliyinə bağlı xroniki ağırlaşmaları dərinləşib, çoxsaylı orqan çatışmazlığı inkişaf edib, onun həyatını xilas etmək mümkün olmayıb.
Xəstənin ünsiyyətdə olduğu ailə üzvləri və digər şəxslər müəyyən edilib, onlar karantinə götürülüb.
Qərargahdan bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirus (COVID-19) xəstəliyinin dünyada yayılmasının pandemiya xarakteri aldığını elan edib. 12 mart tarixinə olan məlumata görə, dünyada 129 185 nəfər koronavirusa yoluxub və bu xəstəliyin əhatə dairəsi, yoluxma tendensiyası genişlənməkdədir. Virusa qarşı profilaktik tədbirlər çərçivəsində bir çox dövlətlər risk ölkələri ilə sərhədləri bağlayır, aviareysləri təxirə salınır.
Qərargah tərəfindən əvvəllər də bəyan edildiyi kimi, ürək-damar, eləcə də xroniki xəstəlikləri olanlar, yuxarı yaş kateqoriyasına aid şəxslər virusa qarşı profilaktik tədbirləri daha da gücləndirməlidir.
Bir daha vətəndaşlar Ümumdünya Səhiyyə Təşkilatı və operativ qərargahın virusa qarşı profilaktik tədbirlər çərçivəsindəki tövsiyələrinə ciddi riayət etməyə, insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmağa, tibbi-profilaktik və dezinfeksiya qaydalarına əməl etməyə çağırılır.