Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) ilk dəfə olaraq fitosanitar sahədə fəaliyyət göstərəcək yeni çadır tipli Səyyar Fitosanitar Laboratoriya işə başlayıb.
Bu barədə "Report"a AQTİ-dən məlumat verilib.
Fitosanitar sahədə nəzarətin daha da gücləndirilməsi və işin səmərəli təşkili məqsədilə səyyar laboratoriyada bitkilərə ziyan vuran həşərat və gənələr, fitopatogen nematodlar, alaq otları və onların toxumları üzərində virusoloji və bakterioloji müayinələrin aparılması üçün hər cür şərait yaradılıb.
Səyyar laboratoriyanın üstünlüyü onun respublikanın ən ucqar ərazilərində belə rahatlıqla qısa müddətdə qurulmaqla fəaliyyətə tam hazır olmasıdır. Laboratoriya bilavasitə xəstəlik ocağında qısa müddət ərzində quraşdırılmaqla xüsusi təyinatlı müayinələrin aparılmasına imkan verir. Bu isə müayinələrin vaxtında və yerində aparılması, diaqnostikanın operativliyinin təmin edilməsi üçün çox əhəmiyyətlidir.
Eyni zamanda Çadır tipli Səyyar Fitosanitar Laboratoriya regionlarda aparılan monitorinqlər zamanı bitki və bitkiçilik məhsullarında mövcud olan zərərverici və xəstəliklərin qısa müddətdə aşkarlanmasına imkan yaradır. Belə ki, respublikanın hər hansı ərazisində bitkilərdə karantin tətbiq edilən zərərverici və xəstəliklərin böhran vəziyyəti yaranarsa, bu ərazilərdə monitorinqin aparılması, nümunələrin çöl şəraitində səyyar laboratoriyada diaqnostikası mümkün olacaq.
Eləcə də laboratoriyanın fəaliyyəti regionlarda müxtəlif zərərli orqanizmlərin yayılması riski olduğu halda, qısa müddət ərzində xəstəliklərin aşkarlanmasına imkan yaradır ki, bu da yüksək hazırlıq səviyyəsi hesab edilir. Bunun üçün laboratoriyada yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərir.
Həmçinin səyyar laboratoriya kifayət qədər nümunə üzərində sınaqların həyata keçirilməsinə imkan verir. Aparılan müayinələr növündən asılı olaraq, bir neçə dəqiqədən bir neçə saata qədər yekunlaşa bilir. Laboratoriyada bir istiqamətli iş axını təmin edilib. Müayinələr morfoloji, klassik mikrobioloji və molekulyar səviyyədə həyata keçirilə bilir. Laboratoriya yüksək keyfiyyətli stereo və bioloji düz mikroskopla, molekulyar müayinənin aparılması üçün real zamanda PZR cihazı, çadır isə fasiləsiz enerji təchizatı (UPS) ilə təmin olunub.
Qeyd edək ki, çadır tipli Səyyar Fitosanitar Laboratoriyanın fəaliyyətə başlaması ilə AQTİ-nin bu tipli laboratoriyalarının sayı 4-ə çatıb. Bunlardan üçü 2+ biotəhlükəsizlik səviyyəli Səyyar Baytarlıq Laboratoriyası, digəri isə yeni fəaliyyətə başlayan Səyyar Fitosanitar Laboratoriyadır. Səyyar Baytarlıq Laboratoriyasında zoonoz xəstəliklərin, Səyyar Fitosanitar Laboratoriyada isə bitki və bitkiçilik məhsullarında qeydə alınan zərərverici və xəstəliklərin monitorinqi və müayinəsi həyata keçirilir. Fitosanitar laboratoriyalarda aparılan müayinələr kənd təsərrüfatı məhsullarını və ətraf mühiti zərərverici və bitki xəstəlik törədicilərindən qorumağa kömək edir.