​Azərbaycanda ilk dəfə hamilə qadının ürəyinin klapanı dəyişdirilib

​Azərbaycanda ilk dəfə hamilə qadının ürəyinin klapanı dəyişdirilib Bu, dünyada üçüncü belə uğurlu əməliyyat olub
Sağlamlıq
8 Dekabr , 2015 14:45
​Azərbaycanda ilk dəfə hamilə qadının ürəyinin klapanı dəyişdirilib

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının həkimləri Azərbaycanda ilk dəfə olaraq hamilə qadının ürəyində əməliyyat apararaq mexaniki klapanı dəyişiblər.

Bu barədə "Report"a ATU-nun mətbuat xidmətindən məlumat verilib.

Bu, dünyada üçüncü belə uğurlu əməliyyat olub.

Klinikanın baş həkimi, dosent Asiman Həsənov əməliyyatın böyük uğurla keçdiyini, bunun nəinki Azərbaycan, ümumiyyətlə bütün dünya üzrə böyük bir nəticə olduğunu bildirib.

Azərbaycan üçün bir ilk olan bu əməliyyatın gedişi haqqında Tədris Cərrahiyyə Klinikasının ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri, uzman həkim Mirəli Məcidov məlumat verib. Onun sözlərinə görə, 35 yaşlı qadın 3 il əvvəl aorta qapaq stenozu problemi ilə həkimlərə müraciət edib. “Bu xanımda ürəyin aorta qapağının protezləşdirilməsi əməliyyatı icra edilib, mexaniki klapan yerləşdirilib. Əməliyyatdan sonrakı dönəmdə hansısa bir problem yaranmayıb”.

Lakin əməliyyatdan sonra bu xanım hamilə qalmaq istəyib. Həkimlər buna etiraz edərək hamiləliyin həmin xanıma əks göstəriş olduğunu izah ediblər. Həmin xanıma dölün salamat qalması ehtimalının çox az olduğu izah edilib. Buna baxmayaraq, özü də həkim olan bu xanım hamiləliyə qərar verib: “Hər an ananın ürəyindəki klapanın dayanması riski var. Və bu da xəstənin həyatı üçün çox önəmli bir riskdir. Bu 6 ay ərzində həm döl, həm ana nəzarət altına alındı, mütəmadi olaraq kardioqram çəkilirdi”.

Lakin 10 gün öncə xəstənin vəziyyətinin pisləşərkən dölün müayinəsi zamanı məlum olub ki, dölün həyat fəaliyyəti pozulmayıb. Amma anaya qoyulan mexaniki klapanın trombozlaşması aşkarlanıb. M.Məcidov deyir ki, bu cür hallarda tək çıxış yolu xəstənin yenidən əməliyyat olunmasıdır: “Bu, çox ağır bir qərar idi. Həmin vaxt klinikanın aparıcı heyətindən ibarət komissiya yaradıldı. Konsilium zamanı xəstənin yaxınlarının da razılığı ilə əməliyyata qərar verildi. Burada əsas ananın həyatını qurtarmaq idi. Bu cür əməliyyatlarda ananın ürəyi dayandırılır, süni ürək damarlarına klapan qoşulur və xəstə soyudulur. Bu cür əməliyyatlarda dölü itirmək təhlükəsi çox böyükdür. Lakin əməliyyat uğurla keçdi - həm ananı, həm dölü qurtara bildik”.

Qeyd edək ki, hazırda ananın da, dölün də vəziyyəti yaxşıdır və onlar evə buraxılıblar.

Son xəbərlər

Orphus sistemi