Komitə sədri: "Ağır patologiyaların müalicəsində tətbiq olunan dərmanların reklamının qarşısı alınmalıdır"

Sağlamlıq
  • 01 iyun, 2017
  • 11:42
Komitə sədri: Ağır patologiyaların müalicəsində tətbiq olunan dərmanların reklamının qarşısı alınmalıdır
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov

Bakı. 1 iyun. REPORT.AZ/ “Bu gün həm yerli, həm də xarici kanallarda dərman vasitələrinin, xüsusilə həkim resepti ilə buraxılan dərmanların reklamına yenə də rast gəlinir”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Onun sözlərinə görə, dərmanların reklamı çox təhlükəli, zərərli və gələcəkdə insan orqanizmi üçün çox böyük təhlükə törədə biləcək məsələdir: “Xüsusilə ağrıkəsicilər, bədxassəli şişlərə qarşı, digər ağır patologiyaların müalicəsinə qarşı tətbiq olunan dərmanların reklamı və onların pulsuz paylanılması tədbirlərinin qarşısı alınmalıdır. Bunların mənfi təsiri və xəstələrə vurduğu ziyan haqqında çox danışmaq olar”.

Ə.Əmiraslanov bildirib ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni dəyişikliyə əsasən, dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinə görə fiziki, hüquqi, vəzifəli şəxslər cərimə ediləcəklər: “Bu, son dərəcə vacib dəyişiklikdir. Amma məncə, bu, bir qədər yüngüldür. Bunun xəstlərə mənfi təsiri nəzərə alınsa, bunu bir qədər də sərtləşdirmək olardı”.

Komitə sədri həmçinin qeyd edib ki, bu gün dünyada mütəxəssislərin antibiotiklərə olan münasibəti 180 dərəcə dəyişib: “Artıq molekulyar biologiya sahəsində yeni tədiqqatlar məlum olub ki, antibiotiklərin istifadəsi nəticəsində issanların geninə təsir ertməklə çox ağır fəsadla, xəstəliklər ortaya çıxır. Ola bilər ki, bu, həmin zaman deyil, ikinci, üçüncü nəsildə özünü göstərir. Ona görə də antibiotiklərin verilməsi çox ciddi nəzarət altına alınmalıdır. Bunun istifadəsi çox ciddi faciələrə gətirib çıxara bilər. Ona görə də müvafiq icra hakimiyyəti orqanları bu istiqamətdə tədbirlər görməlidir”.