Bura paytaxt Bakının daxilində fərqli üslubda yenilənmiş yaşayış məntəqəsidir. Şəhər mərkəzindən təxminən, 10 km aralıda yerləşən bu məkan nağıllar aləmi qədər maraqlı və göz oxşayan görünüşü ilə seçilir. Balaxanı Bakının ən qədim tarixə malik olan kəndlərindən biridir. Vaxtilə əkinçilik, bağçılıq və maldarlıqla məşğul olan kənd əhalisinin həyatını ötən əsrin əvvəlində neft bumu dəyişib. Ötən il isə hökumətin yeni layihəsi əsasında Balaxanının simasında tam dəyişiklik olunub, qəsəbə tam təmizlənib, qırmızı suvaqlı evlər yenidən bərpa edilib. Bir vaxtlar yerli camaatın “mastavoy” adlandırdığı qənbər döşəməli yollar da yenidən qurulub. Beləliklə, bir zamanlar adi kənd görünüşünə sahib olan bu yaşayış məntəqəsi indi hər kəsin ziyarət etmək istədiyi balaca bir şəhərə çevrilib. Qədim abidələri, müasir görkəmi ilə diqqəti cəlb edən Balaxanı qəsəbəsi şəhərin səs-küyündən yorulan, istirahət etmək istəyən hər kəsi qonaqpərvərliklə qarşılayır.
Qəsəbədə gəzmək, dincəlmək və şəkil çəkdirmək üçün demək olar ki, hər bir şərait yaradılıb. Burada gəzərkən gördüklərimi qələmə almağı da unutmadım. Qəsəbədə yenidənqurma işlərindən sonra artıq Günəş şüaları da sanki Balaxanıya bir başqa cür işıq saçır. Geniş və bir o qədər də rəngarəng küçələrdə gəzərkən qəsəbənin ağsaqqalına rast gəldim.
Elə bu zaman o, salamlaşdıqdan sonra “Qızım, çox yorğun görünürsən, otur bir çay iç və yorğunluğun çıxsın” dəvəti ilə balaxanılıların əsl qonaqpərvərliyini bir daha nümayiş etdirir. Söhbət zamanı məlum olur ki, Hacı Həsən kişi əslən Balaxanı qəsəbəsindəndir. Burada doğulub, boy-başa çatan Hacı Həsən kişi qəsəbənin tarixindən danışan zaman kəndlə bağlı xatirələrini də bizimlə bölüşdü.
Həmsöhbətim bildirir ki, Bakının qədim kəndlərindən olan Balaxanıda keçmişdə - neft çıxmamışdan öncə sakinlər maldarlıq və əkinçiliklə məşğul olublar. Neft çıxandan sonra - təxminən, 14-15-ci əsrlərdən sonra qəsəbəyə xaricdən axın başlayıb. O, həmçinin bu gün qəsəbədə yaradılan yeniliklərlərin kənd sakinlərini çox sevindirdiyini bildirib. Onun sözlərinə görə, qəsəbədə 200 min kv. km asvalt örtüyü vurulub, kəndin 90 % kanalizasiya sistemi və su xətləri yenidən çəkilib. Qaz xətləri təzələnib. Kəndin 30 % bütün küçələri işıqlandırılıb.
Qəsəbə tarixi görkəmi qorunmaqla əl işləri, rəsm əsərləri ilə bəzədilib. Elə Hacı Həsən kişi ilə söhbətimiz zamanı qəsəbə sakini olan rəssam Emin Ələkbərov da bu fikri təsdiqləyir. Qəsəbənin müasir üslubunun həmmüəlliflərindən olan E.Ələkbərov bu işləri qrup şəklində həyata keçirdiyini bildirir. "Biz çalışdıq ki, bura gələn insanları təəccübləndirək. Mən tək deyiləm. Bizim qrupumuz mövcuddur və qrupumuzda Balaxanı rəssamları da var", - yerli rəssam əlavə edib. Onun sözlərinə görə, bu layihələr digər kəndlərdə də - Ramana, Pirşağı və Novxanıda da davam etdiriləcək.
Yeni iş yerlərinin yaradılması da qəsəbə sakinlərinin ürəyincədir. Çünki onlar qəsəbəyə qonaq gələnlərə, ziyarətçilərə xidmət göstərirlər. Bu, həm də onlar üçün yeni qazanc mənbəyi deməkdir. Necə deyərlər, bizim üçün ziyarət, onlar üçün isə ticarət.
Qeyd edək ki, Balaxanı tarixi-mədəni abidələrlə zəngindir. Burada turizm yönümlü sahibkarlığın, xüsusilə sənətkarlıq üzrə xalçaçılıq, dulusçuluq, milli geyimlərin hazırlanması, xidmət sektorunda kiçik iaşə obyektlərinin, hostellərin yaradılması, ticarət üzrə suvenir, keramik qablar, xalça, musiqi alətləri, şirniyyat satışı və s. sahələri təşviq etmək üçün imkanlar mövcuddur. Belə ki, Balaxanıda bu istiqamətlər üzrə 100-ə yaxın kiçik obyektin fəaliyyəti təşkil oluna bilər.
Operator: Mircavid Eminoğlu
Montajor: Rəvan Novruzov