Yuxarı

Yukia Amano: "İranın nüvə proqramının sülh məqsədli olmasına təminat verə bilmərik"

Baş direktor bildirib ki, iyul müqaviləsinə uyğun olaraq İran əlavə protokolun icrasına başlaması ilə bağlı öhdəlik götürüb

Bakı. 7 sentyabr. REPORT.AZ/ "Bu ilin iyulunda nüvə proqramı üzrə İranla "altılıq" (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) arasında yekun razılıq sənədi imzalansa da, Tehranın atom proqramının dinc məqsədli olmasına təminat verə bilmərik".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Yukia Amano qurumun Direktorlar Şurasının bu gün keçirilən növbəti sessiyasının açılışında bildirib.

Onun sözlərinə görə, agentlik İranın nüvə materiallarının və bu istiqamətdə fəaliyyətinin dinc məqsədli olmasına təminat verə bilmir.

Baş direktor bildirib ki, iyul müqaviləsinə uyğun olaraq İran əlavə protokolun icrasına başlaması ilə bağlı öhdəlik götürüb. O, İranın nüvə proqramının keçmişdə hərbi yönümlü olmasına aydınlıq gətirilməsi üçün tərəflərin yeni "yol xəritəsi"nin icrasına başladığını söyləyib: "Bu, "altılıq"la İran arasında əldə edilən müqavilənin şərtlərinin icrası üçün vacibdir".

Qeyd edək ki, bu il iyulun 14-də nüvə proqramı üzrə "altılıq"la İran yekun razılıq sənədi imzalayıb. Həmin sənədə əsasən, Tehran nüvə proqramını dinc məqsədlər üçün istifadə edəcək, qarşı tərəf isə bu şərti yerinə yetirdiyi halda beynəlxalq sanksiyaları aradan qaldıracaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi