Yuxarı

​Yaponiya ilə İran arasında sərmayə qoyuluşuna dair razılaşma imzalanıb

Yaponiya İranın Azadegan neft yatağında fəaliyyətini bərpa etmək istəyir

Bakı. 5 fevral. REPORT.AZ/ "İranda fəaliyyət göstərmək istəyən Yaponiya şirkətlərinin biznes şəraitini yaxşılaşdırmaq və tezləşdirmək üçün bu müqaviləni belə tez imzaladıq".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Yaponiyanın xarici işlər naziri Fumio Kisida İranın iqtisadiyyat naziri Əli Teyyubniya ilə görüşdən sonra bildirib.

Məlumata görə, nazirlər sərmayə qoyuluşu əməkdaşlığı haqda razılaşma imzalayıblar.

Qeyd edək ki, ABŞ və Avropa İttifaqından sonra bu il yanvarın 22-də Yaponiya da İrana tətbiq etdiyi sanksiyaları götürüb. Məsələ ilə bağlı Fumio Kisida keçirdiyi mətbuat konfransında bildirmişdi ki, artıq Tehranla investisiya sahəsində əməkdaşlıq üçün heç bir əngəl qalmayıb: "İnvestisiya qoyuluşuna dair razılaşma İran iqtisadiyyatını Yaponiya şirkətləri üçün açacaq. Beləliklə, Yaponiya şirkətləri İranın neft və qaz sektorunun inkişafına da təkan verə biləcək".

Yaponiya İranın "Azadegan" neft yatağında fəaliyyətini bərpa etmək istəyir.

2004-cü ildə Yaponiya şirkətləri sözü gedən yatağın kəşfiyyat və istismar hüququnu əldə etsə də, 2010-cu ildə beynəlxalq sanksiyalar səbəbindən layihədən çəkilmişdilər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi