Yuxarı
    Bağlamaq

    Ukraynadakı vəziyyət III Bakı Qlobal Forumunda müzakirə olunub

    Kuçma: Hətta ən qorxulu yuxularımda belə Ukraynanın Ukrayna ilə vuruşduğunu təsəvvür edə bilməzdim

    Bakı. 29 aprel . REPORT.AZ/ Bakıda keçirilən III Qlobal Forumda Ukraynadakı vəziyyət, eləcə də  bu böhrandan çıxış yolları müzakirə olunub. "Report" xəbər verir ki, müzakirələrdə Ukraynanın 3 sabiq prezidenti iştirak edib. 

    Panelin moderatoru kimi Polşanın keçmiş prezidenti Aleksandr Kvasnevski (1995-2005) çıxış edib. O, Ukraynada baş verən münaqişənin həllinin həm Ukrayna, həm də ümumilikdə Avropa üçün vacibliyini qeyd edib. Kvasnevski vurğulayıb ki, qarşıdakı 2 il Ukraynanın gələcəyi üçün taleyüklü olacaq. 

    Ukraynanın ilk prezidenti Leonid Kravçuk (1991-1994) Belovej müqavilələri haqqında danışıb. 

    "Rusiyanın Ukraynaya qarşı üstü örtülü təcavüzü şəraitində Kiyev bir çox məsələləri həll edə bilmir", - Kravçuk vurğulayıb. O, Ukraynanın müxtəlif regionlarında yaşayan sakinlərinin fikirlərində bəzən qarşıdurmaya qədər gətirib çıxaran ziddiyyətlərin olduğunu qeyd edib. 

    "Təəssüf ki, bütün Ukraynanın maraqlarına cavab verən ümummilli bir siyasət hazırlaya bilməmişik", - sabiq Ukrayna lideri etiraf edib. 

    "Moskva açıq şəkildə bildirib ki, Ukrayna-Rusiya münasibətləri sistemində qalmalıdır. Biz həmçinin Avropadan da dəstək görmürük", - Kravçuk əlavə edib. Onun sözlərinə görə, ölkənin gələcək inkişafı bir çox amillərdən asılıdır. 

    Öz növbəsində, Ukraynanın sabiq prezidenti Leonid Kuçma (1994-2005) ölkənin şərqindəki qarşıdurmanın mahiyyətinə diqqət çəkib. 

    "Hətta ən qorxulu yuxularımda belə Ukraynanın Ukrayna ilə vuruşacağını təsəvvür edə bilməzdim. Bundan sonra nə baş verəcəyi heç kimə məlum deyil. Putin və Rusiyanın sabah nə edəcəyini biz bilmirik", - Kuçma qeyd edib. O deyib ki, Moskva var gücü ilə Kiyevin onun təsir dairəsindən çıxma prosesinin qarşısını almağa çalışacaq. 

    Onun sözlərinə görə, Ukrayna ordusuna qarşı şaxtaçılar və kəndlilər yox, yaxşı silahlanan peşəkar ordu döyüşür. Kuçma dünya ictimaiyyətinin Kiyevi dəstəkləmədiyini qeyd edib. "Ukrayna Avropanın forpostudur. Biz Avropanın maraqlarını müdafiə edirik. Rusiyanın da bizi eşitməsini istərdik. Minskdə qəbul edilən razılaşmaların yerinə yetirilməməsinə görə kim cavabdehdir? Sülhü təmin edəcək müqavilə müddəaları yerinə yetirilməyib. Avropa liderlərinin rolu nədən ibarətdir?" - Kuçma qeyd edib. 

    Ukraynanın daha bir sabiq prezidenti Viktor Yuşenko (2005-2010) "narıncı inqilab"dan sonra baş verən hadisələrə diqqət çəkib. 

    "Moskva Ukraynanın şərqindəki müharibəni vətəndaş müharibəsi kimi təqdim etmək istəyir. Bu, daxili müharibə deyil", - Yuşenko vurğulayıb. 

    "Ölkəmizin şərqindəki münaqişə yalnız Kiyevin problemi deyil. Bu, hamımıza toxunan məsələdir. Kiyev dəqiq cavab bilməlidir ki, siz bizimləsiz, yoxsa bizə qarşı", - Yuşenko əlavə edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi