Yuxarı

​Türkiyənin baş naziri: "Heç kim bizdən üzr gözləməsin"

NATO-nun baş katibi: Türkiyə öz sərhədlərini və hava sahəsini qorumaq hüququna malikdir

Bakı. 30 noyabr. REPORT.AZ/ "Heç bir dövlət üzərinə düşəni yerinə yetirdiyi üçün üzr istəməz. Ordumuz üzərinə düşəni edib. Heç bir ölkə öz işimizi gördüyümüz üçün bizdən üzr gözləməsin. Bütün səviyyələrdə danışıqlara hazırıq".

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Əhməd Davudoğlu NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdən sonra keçirdiyi mətbuat konfransında Rusiyanın vurulan təyyarəsi ilə bağlı açıqlamasında bildirib.

O, NATO-nun baş katibi ilə noyabrın 24-də Türkiyə sərhədini pozan Rusiya təyyarəsinin vurulmasına dair müzakirələr apardığını söyləyib: "Noyabrın 24-də baş verənlərin məsuliyyəti Türkiyənin üzərində deyil. Bütün səviyyədə görüşməyə hazırıq. Biz bu gərginliyi artırmaq istəmirik. Danışıqlara hazırıq".

Həmin görüşdə Yens Stoltenberq deyib: "Türkiyə öz sərhədlərini və hava sahəsini qorumaq hüququna malikdir. Türkiyənin Rusiya ilə təmas qurmaq cəhdlərini dəstəkləyirik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi