Yuxarı

​Türkiyənin Avropa üzrə naziri: "Antiterror haqda qanunumuz Avropa standartlarına uyğundur"

Volkan Bozkır: Türkiyənin terrorçulara qarşı əməliyyatlar keçirdiyi bir şəraitdə qanunda dəyişiklik mümkün deyil

Bakı. 9 may. REPORT.AZ/ "Terrorçuluğa qarşı mübarizə qanunumuz Avropa standartlarına uyğun olduğundan biz həmin sənədi dəyişə bilmərik".

"Report" xəbər verir ki, bunu Türkiyənin Avropa İttifaqı üzrə naziri Volkan Bozkır "NTV" (Türkiyə) telekanalına müsahibəsində deyib.

Nazir bildirib ki, bundan başqa həmin qanunun Türkiyə vətəndaşları üçün vizanın ləğvi məsələsi ilə heç bir əlaqəsi yoxdur: "Terrorçuluğa qarşı mübarizə qanunun dəyişdirilməsi vizanın ləğvi ilə bağlı şərtlərə daxil deyil".

O etiraf edib ki, antiterror haqda qanunda dəyişikliyin ediləməməsi Avropa İttifaqı ilə Türkiyə arasında münasibətlərdə problemin yaranmasına səbəb olub: "Türkiyənin antiterror haqda qanuna dəyişiklik etmək mümkün deyil. 450-dən çox vətəndaşımız terrorun qurbanı olub. Türkiyənin terrorçulara qarşı əməliyyatlar keçirdiyi bir şəraitdə qanunda dəyişiklik mümkün deyil".

Qeyd edək ki, bu gün Türkiyə ilə Avropa Parlamenti arasında vizanın ləğvi məsələsinin müzakirə olunacağı gözlənilir.

Parlamentin Niderlanddan olan deputatı Yudin Sippel isə bildirib ki, Avropa Parlamentin sədri Martin Şults və qurumdakı siyasi fraksiyaların liderləri Türkiyə vətəndaşlarının Şengen zonasına vizasız səyahət etməsi məsələsinin müzakirəsini dayandırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi