Türkiyədə daha 125 nəfər pandemiyanın qurbanı olub.
“Report”un məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.
Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 1 643 nəfərə çatıb.
"Bu gün 40 427 test keçirilib, 4 801 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 74 193 nəfərdir. Bu gün daha 1 415 pasiyent sağaldı, sağalanların ümumi sayı 7 089 nəfərdir", - nazir deyib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 128 000-i ötüb. Bunların 539 000 nəfəri sağalıb, 142 651 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.