Yuxarı

​Türkiyə XİN başçısı: "Ərdoğan avqustda Putinlə görüşməyə hazırdır"

Mövlud Çavuşoğlu: Biz münasibətlərin bərpası ilə bağlı bütün sahələri əhatə edən mövzuları müzakirə etdik

Bakı. 1 iyul. REPORT.AZ/ "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə "Böyük-20"liyin ("G-20") Çində keçiriləcək sammitindən əvvəl avqustda görüşməyə hazırdır".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

"Biz noyabrın 24-də baş verən hadisədən sonra münasibətlərin bərpası ilə bağlı bütün sahələri əhatə edən mövzuları müzakirə etdik. Görüş çox dostcasına keçdi. Biz Türkiyə və Rusiya prezidentlərinin avqustda Soçidə görüşünün reallaşmasını nəzərdən keçiririk. Rəcəb Tayyib Ərdoğan "G-20"nin sammitindən əvvəl görüşməyə hazırdır", - deyə nazir söyləyib.

Qeyd edək ki, prezidentlərin sentyabrın 3-4-də Çində keçiriləcək "G-20"liyin zirvə toplantısı zamanı görüşəcəyi haqda xəbər yayılmışdı.

Xatırladaq ki, Rusiyada çıxan "Kommersant" qəzeti isə dövlət başçılarının avqustda görüşəcəkləri barədə məlumat yazıb. Kremlin mətbuat katibi Dmtri Peskov bu haqda açıqlamasında bildirib ki, görüşün dəqiq tarixi və yeri hələlik müəyyənləşdirilməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi