Yuxarı

Türkiyə Silahlı Qüvvələri hərbi çevriliş cəhdinin detallarını açıqlayıb

Xainlər Baş Qərargah rəisini 2 saylı sənədi imzalaması və televiziyada oxuması üçün təhdid ediblər

Bakı. 19 iyul. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri hərbi çevriliş cəhdinin detallarını açıqlayıb. 

"Report" Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, TSK-nın yaydığı rəsmi məlumatda bildirilir: 

“Bu çevriliş cəhdi hər nə qədər Türkiyə Silahlı Qüvvələrinin bazasında başlanmış olsa da, bunu həyata keçirməyə çalışan satqınların xalqımızın peyğəmbər ocağı adlandırdığı Türkiyə Silahlı Qüvvələrində vətənini, millətini, bayrağını sevən əksəriyyətlə qətiyyən heç bir əlaqəsi yoxdur. 

İyulun 15-də saat 16:00-da Milli İstihbarat Təşkilatı (MİT) tərəfindən verilən məlumat Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hülusi Akar, Quru Qoşunlarının komandanı, ordu generalı Salih Zeki Çolak, Baş Qərargah rəisinin müavini, ordu generalı Yaşar Güler tərəfindən dəyərləndirilib. 

Nəticədə Baş Qərargah rəisi Türkiyə Silahlı Qüvvələri Komandanlığın Hərəkətəkeçmə Mərkəzinin rəhbəri, general-mayor İlhan Kırtıla ölkənin hava məkanında ikinci bir əmrə qədər heç bir hərbi hava nəqliyyatının (təyyarə, helikopter və s.) uçmaması, havada olanların isə dərhal bazalarına qayıtması, Hərbi Hava Qüvvələri Komandanlığına hərbi vasitələrin uçuşlarının, Etimesgutdakı Zirehlı Birliklər Məktəbinə, Təhsil Tüməni Komandanlığına tank və zirehlı vasitələr başda olmaqla bütün hərbi nəqliyyat vasitələrinin hərəkətinin qarşısının alınması, heç bir şəkildə bayıra çıxmamaları üçün zəruri tədbirlərin görülməsi barədə əmrlər verib. Eyni zamanda Baş Qərargah rəis müavininin əmri ilə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus bütün hərbi nəqliyyat vasitələrinin uçuşlarının qarşısının alınması barədə təlimat verilib.

Ancaq bütün bunlara baxmayaraq, içərimizdə şişə çevrilmiş bir qrup xain özlərinə əmanət edilmiş və düşmənə qarşı istifadəsi zəruri olan silahlardan dövlətimizə, silah yoldaşlarına və xalqımıza qarşı yararlanmağa belə tərəddüd göstərməyiblər. Bu qeyri-qanuni dəstəyə mənsub olan terrorçu xainlər (FETO) Baş Qərargah rəisini 2 saylı sənədi imzalaması və televiziyada oxuması üçün təhdid ediblər. Ancaq xainlərin bu tələbləri Baş Qərargahı rəisi tərəfindən təhqiramiz ifadələrlə, sərt etirazla rədd edilib. 

Yüksək siyasi liderlik, Türkiyə Silahlı Qüvvələrinin həqiqi övladları, qəhrəman polis və millətimizin terrorçu xainlərlə mübarizəsi nəticəsində bağrımızda bəslədiyimiz ilanlara layiq olduqları cavab verilib. Bu rəzaləti Türkiyə dövlətinə, keçmişi şan və şöhrətlə dolu Türkiyə Silahlı Qüvvələrinə, millətimizə yaşadan alçaqlar ən ağır şəkildə cəzalandırılacaqlar. Hazırda Türkiyə Silahlı Qüvvələri demokratik hüquq sistemi çərçivəsində dövlətimizin və millətimizin əmrində vəzifəsinin başındadır". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi