Yuxarı

​Türkiyə prezidenti: "Allaha and olsun, biz doğru yoldayıq"

Rəcəb Tayyib Ərdoğan: Hamı öz iddiasını kənara qoymalı və koalisiya hökuməti qurmaq yönündə fəaliyyət göstərməlidir

Bakı. 11 iyun. REPORT.AZ/ Tükiyə prezidenti Rəcəb Tayyib Ərdoğan IV beynəlxalq məzunlar mərasimində iştirak edib.

"Report" xəbər verir ki, bu haqda məlumatı Tükiyə KİV-i yayıb.

Ölkə prezidenti iyunun 7-də keçirilən parlament seçkilərindən sonra ilk dəfədir ki, ictimaiyyət arasında görünüb və çıxış edib. 

Uqandalı tələbə öz hədiyyəsini R.T.Ərdoğana təqdim edib.

Türkiyə prezidenti əcnəbi məzunları təbrik edib. O, 60 min əcnəbi məzunun Türkiyə ali məktəblərini bitirdiyini söyləyib.

Tədbirdə çıxış edən Rəcəb Tayyib Ərdoğan məzunlara müraciət edərək deyib: "Biz Türkiyə olaraq, sizləri unutmayacağıq, siz də Türkiyəni unutmayın. Sizləri öz ölkənizdə Türkiyənin fəxri səfiri kimi görürəm".

O, bölgədəki vəziyyətdən danışarkən deyib ki, Qərb Suriyada, İraqda türkmənlərin və ərəblərin yerinə terrorçu PKK və PYD-ni yerləşdirir.

Ərdoğan çıxışında ölkədaxili siyasətlə bağlı bunları bildirib: "2023-cü illə bağlı hədəf hər hansı bir partiyanın deyil, Türkiyənin hədəfidir. Hamı öz iddiasını kənara qoymalı və koalisiya hökuməti qurmaq yönündə fəaliyyət göstərməlidir. Millətin həqiqi səsverməsi ilə prezident olduğum üçün bunu deyə bilərəm.

Dünən parlamentin ən yaşlı üzvü Dəniz Baykalla görüşdüm, vəziyyəti dəyərləndirdik. Üzərimə düşən vəzifəni yerinə yetirəcəyimi söylədim. İyunun 7-də keçirlən seçkinin millətimizə və dövlətimizə xeyirli-uğurlu olmasını diləyirəm".

Prezident səsvermədə seçici fəallığına və mövcud siyasi mənzərəyə də toxunub: "Demokratiyası ilə öyünən heç bir dövlətdə bu sayda seçici seçkidə iştirak etməyib. Millətimiz tək partiyanın iqtidara gəlməsinə səs vermədi. İndi mənzərəni hamının qiymətləndirməsini istəyirəm.

Bu mərhələni sağlıqlı keçmək üçün partiya liderlərinin vəziyyəti ayıq başla dəyərləndirməsini istəyirəm" .

R.T.Ərdoğan Qərb mediasının seçkinin nəticələri bağlı yazılarını dəyərləndirərək deyib: "Allaha and olsun, biz doğru yoldayıq".  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi