Tbilisidə QDİƏT Parlament Məclisinin komitə iclası keçirilir

Tbilisidə QDİƏT Parlament Məclisinin komitə iclası keçirilir Tədbirdə bir sıra təşkilati məsələlərə də baxılacaq
Region
11 Aprel , 2017 12:10
Tbilisidə QDİƏT Parlament Məclisinin komitə iclası keçirilir
Report.az

Tbilisi. 11 aprel. REPORT.AZ/ Bu gün Tbilisidə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin 48-ci iclası öz işinə başlayıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbiri Yunanıstan nümayəndə heyətinin rəhbəri, komitə sədrinin müavini Sofiya Vultepsi açıb. O deyib ki, bu gün dünyada ənənəvi enerji resursları azalır, alternativ enerjiyə isə tələbat artır. Yaxın illərdə dünya ölkələrinin əksəriyyəti alternativ enerji mənbələrindən istifadə edəcəklər. Komitə iclasında da əsasən enerji resurslarından səmərəli istifadə, alternativ enerji hasilatı və istifadəsi ilə əlaqəli layihələrin hazırlanması, reallaşdırılması, bioenerjidən istifadə, bu sahədə beynəlxalq təcrübə və s. məsələlər müzakirə olunacaq.

Gürcüstan parlamentinin aqrar siyasət komitəsinin sədri Otar Daneliya, Gürcüstanın energetika nazirinin müavini Mariam Beliaşvili və başqaları çıxış edərək müzakirə olunacaq məsələlərlə bağlı fikirlərini bölüşüblər.

QDİƏT PM-in baş katibi Asəf Hacıyev çıxışında regionda və dünyada gedən proseslərə toxunub, enerji təhlükəsizliyi, alternativ enerjidən istifadə və s. məsələlər barədə məlumat verib.

Toplantıda Azərbaycan nümayəndə heyətinin üzvü Əflatun Amaşov quruma üzv ölkələrdə yeni enerji mənbələrinin inkişafı mövzusunda məruzə ilə çıxış edib. Deputat bildirib ki, Qara dəniz regionu enerji daşıyıcılarının dünya bazarına çıxarıldığı başlıca strateji regiondur. Buna görə də enerji məsələləri bölgənin taleynində mühüm yeri tutur. Regionun təbii imkanları neft və qaz kimi ənənəvi enerji resursrları ilə yanaşı alternativ mənbələrə də müraciət üçün yol verir. Bu, həm də ona görə vacibdir ki, artıq dünya ictimaiyyətini iqlim dəyişikliyi, ekoloji problemlər, yaşıllıqların qırılması və sair məsələlər ciddi şəkildə narahat etməyə başlayıb. Mövcud amil Avropa Birliyi və digər mötəbər təşkilatların hesabatlarında da əksini tapır.

Ə.Amaşov deyib ki, energetika sahəsindəki qlobal tendensiyalar regionun, ümumilikdə isə Avrasiya materikinin yeni enerji xəritəsinin formalaşmasını zərurətə çevirməkdədir. Ancaq perspektiv planların tam şəkildə reallaşması üçün bölgənin ekoloji təmizliyinin təminatı da mütləqdir. Bütün bunlar enerji siyasətinin insan rifahına zərər gətirməyən yeni texnologiyalardan bəhrələnməklə həyata keçirməsini mühüm vəzifə kimi müəyyənləşdirməkdədir. Ə.Amaşov çıxışında həmçinin dünyada artan enerji tələbatlarındakı statistik rəqəmlər, Azərbaycanın enerji siyasətindəki rolu və sair məsələlər barədə söz açıb.

Deputatın çıxışı yüksək qiymətləndirilib və o, QDİƏT-in Parlament Assambleyasının iyulda İstanbulda keçiriləcək iclasında əsas məruzəçi kimi təsdiqlənib.

Tədbirdə habelə QDİƏT-in cari fəaliyyəti barədə məlumat veriləcək, bir sıra təşkilati məsələlərə baxılacaq.

İclasda təşkilati məsələlərə də baxılacaq, komitə sədrinin müavini seçiləcək, qərar və təkliflər qəbul olunacaq.

Qeyd edək ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov da iştirak edib. 

Son xəbərlər

Orphus sistemi