Bakı. 24 may. REPORT.AZ/ Tbilisidə Gürcüstanın müdafiəsi və təhlükəsizliyi üzrə 10-cu konfrans öz işinə başlayıb.
"Report" xəbər verir ki, iki gün davam edəcək konfransda təxminən 300 rəsmi şəxs, ekspert, vətəndaş sektorunun nümayəndəsi iştirak edəcək.
Tədbir Gürcüstanın Müdafiə Nazirliyi, ABŞ Atlantika Şurası, müdafiə araşdırmaları üzrə Birləşmiş Kral İnstitutu tərəfindən təşkil olunub.
ATƏT-in baş katibi Lamberto Zannyer, ABŞ Atlantika Şurasının icraçı vitse-prezidenti Deymon Uilson, ABŞ ordusunun Avropadakı komandanı Ben Hoces və NATO qüvvələrinin Avropadakı Ali Baş Komandanının müavini, general Adrian Bredşou konfrans iştirakçılarına müraciət edəcək.
NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay isə forumda iştirak etmək üçün Gürcüstana gəlib.
Konfransın sonunda Gürcüstan prezidenti Giorgi Marqvelaşvili və baş nazir Giorgi Kvirikaşvili çıxış edəcək.