Yuxarı

Azərbaycan səfirliyinin nümayəndələri Tbilisidə “Gürcüstanın təhlükəsizliyi və müdafiəsi” mövzusunda X beynəlxalq konfransa qatılıb

Tədbirdə Azərbaycanı Gürcüstandakı səfirliyimizin hərbi attaşe aparatının rəhbəri və aparatın zabitləri təmsil edirlər

Tbilisi. 24 may. REPORT. AZ/ Mayın 24-də Tbilisidə “Gürcüstanın təhlükəsizliyi və müdafiəsi” mövzusunda X beynəlxalq konfrans işə başlayıb.

“Report” xəbər verir ki, iki gün davam edəcək konfransda regional və qlobal təhlükəsizlik, regionda baş verən proseslər və mövcud münaqişələrin həlli yolları, avrointeqrasiya məsələləri müzakirə olunacaq.

NATO və Avropa İttifaqının rəhbər şəxslərinin, təşkilatlar yanındakı daimi nümayəndəliklərin üzvlərinin, dünyanın 50-yə yaxın ölkəsindən hərbi ekspertlərin, parlamentarilərin, Tbilisidəki diplomatik korpusun nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycanı Gürcüstandakı səfirliyimizin hərbi attaşe aparatının rəhbəri Xəzər Abbasov və aparatın zabitləri təmsil edirlər.

Tədbirdən əvvəl Gürcüstan Hərbi Hava Qüvvələrinin hərbçiləri paraşütdən tullanaraq bacarıqlarını nümayiş etdiriblər.

Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli tədbiri açdıqdan sonra baş nazir Giorgi Kvirikaşvili və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar. Bildirilib ki, bu cür tədbirlər regionda və dünyada sülhün, təhlükəsizliyin qorunmasında, ölkələr arasında əlaqələrin inkişafında mühüm rol oynayır.

Konfransda Cənubi Qafqazda və dünyada baş verən proseslər, münaqişələr və onların həlli yolları, qlobal və regional təhlükəsizlik barədə məsələlər müzakirə olunub, rəy və təkliflər səslənib.

Azərbaycan nümayəndələri konfransda və tədbir çərçivəsində keçirdikləri görüşlərdə ölkəmizin sosial-iqtisadi inkişafı, ordu quruculuğu sahəsində əldə etdiyi nailiyyətlər barədə məlumatlar veriblər.

Azərbaycanın Gürcüstandakı səfirliyinin hərbi attaşe aparatının rəhbəri, polkovnik Xəzər Abbasov jurnalistlərə müsahibəsində deyib: “Azərbaycan Respublikası müdafiə nazirinin tapşırığına əsasən, konfransda və keçirdiyimiz görüşlərdə ölkəmizin bütün sahələr üzrə inkişafı, qazandığı uğurları barədə məlumatlar veririk. Eyni zamanda, Ermənistanın işğal etdikləri Azərbaycan torpaqlarında törətdikləri cinayətlər, ermənilərin atəşkəs rejimini pozması faktları, dinc əhaliyə qarşı istifadə etdikləri kimyəvi və digər qadağan olunmuş silahlardan istifadəsinə dair dəlil sübutlar qonaqların diqqətinə çatdırılır. Həmin faktları özündə əks etdirən foto və videomateriallar CD vasitəsilə yüksək vəzifəli xarici qonaqlara təqdim olunur. Məqsədimiz Azərbaycanın haqq səsini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmaq və erməniləri ifşa etməkdir”.

Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli jurnalistlərə bildirib ki, bu konfrans sülh uğrunda mübarizədə mühüm əhəmiyyət kəsb edir: “Bütün ölkələr sülh istəyirlər. Bizim də məqsədimiz sülhə nail olmaqdır və bu istiqamətdə də tədbirlər görürük. Bu tədbir də onlardan biridir. Əsas məqsədimiz regionda sabitliyi bərpa etmək və Cənubi Qafqazı təhlükəsiz zonaya çevirməkdir. İnanırıq ki, birgə səylərimizlə buna nail olacağıq”.

Konfrans mayın 25-də işini davam etdirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi