Yuxarı

​Suriyada 50 mindən çox türkmən aclıqla üz-üzə qalıb - FOTO

Firas Paşa bildirib ki, ölkədəki 3,5 milyondan çox türkmən soyqırıma məruz qalır

Bakı. 27 yanvar. REPORT.AZ/ Suriyanın Humus şəhəri ətrafındakı 6 rayonun 50 mindən çox türkmən sakini aclıq təhlükəsi ilə üz-üzədir.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, Rusiya qırıcılarının bombardmanları, Bəşşar Əsəd rejimi, Livan "Hizbullah"ı və İran silahlılarının basqınları nəticəsində öz yurdlarından didərgin düşən türkmənlər Livandakı qaçqın düşərgələrinə yerləşdirilsələr də, sağ qalmaq uğrunda mübarizə aparırlar.

Humus yaxınlığındakı türkmənlərin yaşadığı Harbe Nefse, Fınlık, Akrabe, Burc Kai, Semalil, Kıffiyn və Huma yaşayış məntəqələrinə iki aydır bütün giriş-çıxış yolları bağlanıb. Həmin bölgələrdə ərzaq məhsulları, dərman preparatları tükənib, xəstəxana fəaliyyət göstərmir.

Humusda 2011-ci ildə başlayan savaşdan öncə 400 min türkmən yaşayırdı.

Yerli türkmənlər bildirib ki, güzəranları yaxın günlərdə Yermuk və Madayadakı insanların durumundan da çətin olacaq.

Qeyd edək ki, Yermuk və Madayanın yollarını Bəşşar Əsəd, "Hizbullah" və İran silahlıları bağladığından, həmin bölgələrə humanitar yardımın aparılması mümkün deyildi. Oranın əhalisi aclıqla üz-üzə qalmışdı.

Suriya Türkmən Cəbhəsinin komandirlərindən Firas Paşa bildirib ki, ölkədəki 3,5 milyondan çox türkmən çətin vəziyyətdədir  Onun sözlərinə görə, türkmənlər Rusiya, Bəşşar Əsəd, "Hizbullah", İŞİD və kürd silahlıları tərəfindən soyqırıma məruz qalırlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi