Yuxarı

​Rusiya prezidenti Suriya ilə bağlı bir sıra mühüm məsələlərə aydınlıq gətirib

Vladimir Putin Rossiya-1 telekanalına müsahibə verib

Bakı. 11 oktyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin yerli "Rossiya-1" telekanalına müsahibə verib.

"Report" xəbər verir ki, Putin müsahibəsində ölkəsinin Suriyada apardığı əməliyyatlarla bağlı bir sıra mühüm məsələlərə aydınlıq gətirib.

İlk olaraq o bildirib ki, Rusiya hərbçiləri "İraq-Şam İslam Dövləti" terror qruplaşmasına (İŞİD) qarşı yerüstü əməliyyatlar aparmayacaqlar. Putin diqqətə çatdırıb ki, Rusiya aviasiyasının ölkədə apardığı əməliyyatlar öz-özünə əmələ gəlməyib, əvvəlcədən nəzərdə tutulmuş plan üzrə həyata keçirilir.

O, həmçinin Rusiya hərbçilərinin Suriyadakı vəzifələrinin nədən ibarət olduğunu da izah edib:

"Bizim vəzifəmiz qanuni hakimiyyəti stabilləşdirmək və siyasi güzəşt axtarışları üçün şərait yaratmaqdan ibarətdir".

Rusiya prezidenti Suriyada hərbi əməliyyatların həyata keçirilməsi üçün kosmosdan kəşfiyyat işlərinin aparıldığını qeyd edib:

"Biz ilkin tədbirlər gördük. Bu ondan ibarət idi ki, biz lazımi yerə və lazımi vaxtda kifayət qədər vasitə, qüvvə və döyüş ehtiyatı cəmləşdirdik. Biz uzun müddət kosmosdan və havadan kəşfiyyat apardıq, əldə olunan müxtəlif növ məlumatları tutuşdurduq və Baş Qərargahın mütəxəssisləri tərəfdaşları ilə birgə, bildiyiniz kimi, Bağdadda İnformasiya Mərkəzi yaratdılar".

Putin, həmçinin Moskvanın Suriyada terrorçuluq ilə mübarizəyə dair təkliflərini Amerika hərbçilərinə göndərdiyini diqqətə çatdırıb:

"Bizim mütəxəssislər Amerika tərəfindən sorğu və təklif aldılar, bu birgə iş ilə bağlı öz fikirlərini formalaşdırdılar və Pentaqona göndərdilər".

Rusiyanın dövlət başçısı ümid etdiyini bildirib ki, digər ölkələr də Moskvanın Suriyada apardığı əməliyyatlara qoşulacaq.

"Ən sadəsi bizim səylərimizə qoşulmaq və bu şəkildə Suriya ərazisində öz hərəkətlərini qanuniləşdirmək olardı. Çünki, əgər bizim rəsmi hakimiyyətdən mandatımız varsa, o zaman hər şey çox sadədir: bizə qoşulmaq və bu mandat çərçivəsində işləmək. Lakin çox təəssüf ki, biz hələ ki, öz tərəfdaşlarımız və həmkarlarımızla bu barədə razılıq əldə etməmişik, amma bunun mümkün olacağına ümidimizi itirmirik", — deyə Putin bildirib.

Vladimir Putin bəyan edib ki, Moskva Suriyada aparılan əməliyyatlar barədə Qərb tərəfdaşlarını əvvəlcədən məlumatlandırıb:

"Biz həm amerikalı tərəfdaşlarımızı, həm də digər, xüsusilə də regiondan olan tərəfdaşlarımızı niyyət və planlarımız barədə öncədən xəbərdar etmişik".

O əlavə edib ki, lakin Rusiyanı bu kimi əməliyyatların keçirilməsi barədə heç kim xəbərdar etmir:

"Kimsə deyir ki, biz bunu olduqca gec etmişik, lakin sizin diqqətinizə çatdırım ki, bu tip əməliyyatlar planlaşdırılan zaman bizi heç kim və heç vaxt ümumiyyətlə xəbərdar etmir".

Vladimir Putin, o cümlədən ABŞ-ın İŞİD-in mövqeləri barədə Rusiya tərəfinə informasiya verməkdən imtina etməsinin səbəblərini anlamadığını bildirib.

"Biz dedik ki...bizə hədəfləri verin. İmtina etdilər. Dedilər ki, biz bu səviyyədə iş görməyəcəyik. Başa düşə bilmirəm, əgər onlar həqiqətən də bunu yaxşı bilirlərsə və terrorçuluqla mübarizə aparmaq istəyirlərsə, niyə axı vermirlər", — deyə Putin qeyd edib.

O, Suriyada hərbi əməliyyatlarda iştirak olmadan belə, Rusiya üçün terror təhlükəsinin mövcud olduğunu qeyd edib:

"Əlbəttə, belə bir təhlükə mövcuddur. Lakin o, Suriyada fəal əməliyyatlar olmayanda da var idi".

Vladimir Putin Rusiyanın Suriyada guya şiələr tərəfindən sünnülərə qarşı vuruşmasına dair fikirləri rədd edib:

"Biz ümumiyyətlə şiələr və sünnülər arasında fərq qoymuruq. Rusiya dinlərarası qarşıdurmaya baş qoşmaq niyyətində deyil".

Rusiya prezidenti bəyan edib ki, ölkəsinin Suriyadakı əməliyyatlarının müddəti hökumət qüvvələrinin hücum əməliyyatları ilə məhdudlaşdırılacaq.

"Biz üzərimizə artıq öhdəliklər götürə bilmərik və bunu heç vaxt etməmişik. Mən ən əvvəldən bildirmişəm ki, bizim Suriyada işimizin aktiv fazası zamanla Suriyanın öz ordusunun hücum əməliyyatları ilə məhdudlaşacaq", — deyə o bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi